- 20:27
Xəbər verdiyimiz kimi, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarı artırılıb. Bununla əlaqədar "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Qərara əsasən, bir saat üçün həmin məbləğin miqdarı 6 manatdan 11 manata qaldırılıb.
E-huquq.az xəbər verir ki, qərar vəkillərin sevincinə səbəb olub. Onlar bu qərarı Vəkillər Kollegiyasının sədri Anar Bağırovun gərgin əməyinin nəticəsi və dövlətimizin vəkillik institutuna verdiyi dəyərin göstəricisi kimi qiymətləndiriblər.
Sözügedən qərar barədə bəzi vəkillərin fikirlərini təqdim edirik:
Turqay Hüseynov: "Bu qərarın dövlət hesabına hüquqi yardımın keyfiyyətinin artmasına və vəkilin cəmiyyətdəki dəyərinin yüksəlməsinə təsirsiz ötüşməyəcəyi danılmazdır. Bu, vəkilliyin dayanıqlı inkişafının nővbəti mərhələsidir. Qərarıln qəbul olunmasında dəstək göstərən hər kəsə minnətdarlığımı bildirirəm".
Mədail Fərzəliyev: "Bu qərar hörmətli cənab sədrimiz Anar Bağırovun zəhmətinin nəticəsi və Vəkillər Kollegiyasının böyük uğurudur".
Əmir Əliyev: "Bu, insan hüquqlarına böyük dəstək deməkdir".
Ceyhun Bayramov: "Vəkillik institutunun inkişafı istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu qərarın qəbul olunması üçün çəkilən əziyyətə görə minnətdarıq".
Feyzi Mehdiyev: "Bu məsələ Anar Bağırov sədr olduğu gündən bu məsələni gündəmdə saxlayıb. 2017-ci ilə qədər vəkilə dövlət hesabına hüquqi yardıma görə ödənilən məbləğ 2 manat idisə, artıq 11 manata yüksəldi".
Elvin Əliyev: "Göstərilən xidmətlər, çəkilən əziyyətlər biz vəkillər üçündür. Buna görə cənab sədrimizə təşəkkür edirik. Gözlənilən və arzuolunan nəticədir. Peşənin nüfuzu, biz vəkillərin rahat fəaliyyət göstərməsi sədrimiz üçün həmişə prioritet olub".
Cabbar Həsənov: "Bu, Vəkillər Kollegiyası rəhbərliyinin əzmkarlığının və dövlətimizin vəkillik institutuna verdiyi önəmin nəticəsidir. Vəkillik adına böyük nailiyyətdir".
Cavid Cəfərov: "Dövlət hesabına hüquqi yardıma görə 1 saat üçün vəkillərə ödənilən məbləğ əvvəlcə 2 manatdan 6 manata, bu gün isə 6 manatdan 11 manata qaldırıldı. Bu, 100 faiz artım deməkdir. Bundan sonra dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyəti də yüksək olacaq. Bəziləri xidmət haqqını bəhanə edib formal müdafiə edirdi. İmza etməklə işin bitmiş hesab edirdi. Əminəm ki, belə hallar bir daha təkrarlanmayacaq. Bütün vəkillər təyinatla çıxdıqları işlərdə maraqlı olacaqlar. Vəkilliyin şərəfini, nüfuzunu qoruyub saxlamaq, onu bütün peşələrdən yüksəkliklərə qaldırmaq hər birimizin şərəf işidir, borcumuzdur, vəzifəmizdir.
Aytən Əliyeva: "Bu, çox müsbət addımdır. Xüsusilə bölgələrdə fəaliyyət göstərən və əsasən dövlət hesabına işlərə çıxan həmkarlarımızın maddi təminatının yüksəlməsinə böyük dəstək olacaq".
Fərid Həsənov: "Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən məbləğin artırılması həm vəkillərə diqqətin göstəricisidir, həm də daha keyfiyyətli hüquqi yardım üçün stimuldur".
Şəbnəm Mehdizadə