- 28 Aprel 21:02
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam etdirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər mülki iddialarını məhkəməyə təqdim ediblər.
Qeyd edək ki, 25 min 500 manatlıq mülki iddianı Nuridə Seyidova qismən qəbul edib, Aynur Bayramova isə qəbul etməyib. 13 min manatlıq mülki iddianı da Aysel Məmmədova qəbul etməyib.
Daha sonra Aysel Məmmədova ilə zərərçəkmişlər və Nuridə Seyidova arasında telefon danışıqları dinlənib.
Aysel Məmmədova ilə Nuridə Seyidova arasında aparılan telefon danışıqlarında Aysel Məmmədova cinayət işi ilə bağlı dindirilməyə çağırıldığını Nuridə Seyidovaya deyib. Nuridə Seyidova isə ona dindirilmə zamanı artıq-əskik danışmamağını, az məlumat verməyini, xəstə adları və onlar haqda məlumatlar verməməsini deyib.
Nuridə Seyidova və Aysel Məmmədova arasında telefon danışıqlarından birində Aysel əsəbi şəkildə gedib hərşeyi danışacağını Nuridə Seyidovaya deyib.
“Mən kiminsə övladının ölməsinə göz yuma bilmərəm”, - deyə Aysel Nuridəyə əsəbləşib.
Hakim Şəlalə Həsənova Nuridəyə sual ünvanlayaraq nəyə görə bir xəstənin pulunu digər xəstəyə verildiyini soruşub.
“Digər xəstələrdən aldığımız pulu vəziyyəti daha kritik olan xəstənin əməliyyatına verirdik”, - deyə Nuridə bildirib.
Bu fikrə məhkəmə zalında olan zərərçəkmişlər etiraz ediblər.
Daha sonra Nuridə Seyidova və digər təqsirləndirilənlər arasında münaqişə yaşanıb. Nuridə Seyiudova Aynur Bayramova və Aysel Məmmədovaya əsəbləşərək nəyə görə məhz özlərinə sərf edən və hər şeyi onun üzərinə atan səs yazılarını məhkəməyə təqdim etdiklərini soruşub.
Daha sonra hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı vəkillərin, zərərçəkməşlərin, təqsirləndirilənlərin fikrini alıb.
Təqsirləndirilənlər və vəkillər istintaqın tamamlanmasına etiraz etməyiblər.
Zərərçəkmişlər ziyan ödəniləcəyi təqdirdə şikayətlərini geri çəkəcəklərini, təqsirləndirilənlərin işinin yüngülləşdirilməsi üçün ərizə yazacaqlarını deyiblər.
Dövlət ittihamçısı çıxışında Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il, Aysel Məmmədovanın 8 il müddətinə müddətinə azadlıqdan məhrum edilməsini və cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini təklif edib.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı