- 30 may 2023 15:46
- Mediasiya
Mediasiya Şurasının illik strateji planlanması daxilində Türkiyə Respublikasının İstanbul şəhərində işgüzar səfərdə olan Bakı 15 saylı Mediasiya Təşkilatının rəhbəri Qasım Şaliyev həmin şəhərdə fəaliyyət göstərən Talya Mediasiya Mərkəzinin məsul şəxsi, eyni zamanda Ailə Mediasiyası Qurumunun həmsədri Nur Özdenlə görüşüb.
E-huquq.az xəbər verir ki, Qasım Şaliyev görüşdə Azərbaycanda aparılan mediasiya islahatları, cəmiyyətin maarifləndirilməsi və qısa zamana baxmayaraq əldə edilmiş nəticələr barədə türk həmkarına məlumat vermiş, mediasiya sahəsində elmi araşdırmalarda qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Xalqların oxşar adət-ənənəyə sahib olmasına görə, Türkiyə təcrübəsinin öyrənilməsinin faydalı olacağına inandığını bildirib. Xanım Nur Özden belə səfərlərin faydasını, Mediasiya Şurası və Bakı 15 saylı Mediasiya Təşkilatı ilə əməkdaşlığın daha da genişləndirilməsi, mediasiya üzrə Türkiyə təcrübəsinin paylaşılması və Azərbaycandakı mediasiya islahatlarının öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Bakı 15 saylı Mediasiya Təşkilatının tələbələr və şagirdlər arasında danışıqlar və mediasiya qabiliyyətlərinin aşılanmasına dair tədbirlərinin daha keyfiyyətli olması üçün qarşılıqlı informasiya və bilik mübadiləsi həyata keçirildi. Ayrıca Azərbaycan mediatorlarının peşəkarlığının artırılması üçün yaxın zamanda hər iki ölkədən mediatorların iştirakı ilə elmi-praktik tədbirin keçirilməsi barədə tərəflər arasında razılıq əldə olundu.
Bu görüş ilə bağlı Qasım Şaliyev bildirdi ki, mediasiyanın və onun üstünlüklərinin cəmiyyətə düzgün izahı üçün qardaş ölkə təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələrin möhkəmlənməsi Azərbaycan mediasiyasının inkişafına xüsusi töhfə verəcək.