Həbs qətimkan tədbiri nədir və onun cəza ilə fərqi nədən ibarətdir?


  • 16:47

"Bəzi şəxslər istintaq zamanı seçilən həbs qətimkan tədbiri ilə cəzanı fərqləndirə bilmir. Yəni, cinayətin törədilməsi zamanı həbs olunan şəxsin cəzalandırıldığını, onun barəsində məhkəmə qaydasında cəza verildiyini zənn edirlər. Lakin, bu, belə deyil. Qanunvericilikdə bir şəxsin həbs olunması onun hələ təqsirləndirilməsi və ya cəzalandırılması demək deyil”.

E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.

Onun sözlərinə görə, qətimkan tədbiri qismində həbs məhkəmə tərəfindən seçilir və şəxsin törətdiyi cinayətin araşdırılması üçün müvəqqəti olaraq cəmiyyətdən təcrid edilərək həbs yerlərində saxlanılması deməkdir.

Vəkil bildirib ki, bu zaman məhkəmə tərəfindən müəyyən müddətə həbslər seçilir. "Həbs məhkəmə tərəfindən o zaman seçilir ki, şəxs yenidən cinayət törədə, cinayətin araşdırılması zamanı istintaqdan yayına və yaxud istintaqın gedişinə mane olaraq şahidlərə təsir edə, sübutları saxtalaşdıra bilər".

"Cəza isə şəxsin cinayətinin məhkəmədə sübut olunmasından sonra onun hakim tərəfindən təqsirli hesab olunması və onun barəsində müəyyən mərhumiyyətlərin seçilməsi və ya hüquq və azadlıqlarının məhdudlaşdırılmasının xüsusi qaydasıdır", - deyə Vamiq Şükürov əlavə edib.

O bildirib ki, bu zaman şəxsə məsələn, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası, cərimə, islah işləri və digər cəza növləri verilə bilər.

Humay Eminqızı

Oxşar xəbərlər