Şəxsin mənzil toxunulmazlığı hüququ hansı hallarda məhdudlaşdırıla bilər?


  • 3 Mart 15:21

Şəxsin ən önəmli və ayrılmaz hüquqlarında biri olan mənzil toxunulmazlığı və onun təmin olunması bu gün ən önəmli və aktual məsələlərdən biridir. Mənzilə əsassız müdaxilə bu hüququ poza və onu qanuni realizə edilməsinə maneələr yarada bilər. Təcrübə göstərir ki, şəxslərin bu toxunulmazlığın hansı halları ehtiva etməsi və onun sferası barədə məlumatsızlığı onlara öz mənzil hüquqlarını müdafiə etməkdə maneələr yaradır.

Bu məqalədə mənzil toxunulmazlığının nəyi ehtiva etməsi, hansı hallarda müdaxilənin qanunsuz olduğu və ya qanuni olduğu, eləcə də bu hüquq pozulduğu zaman tətbiq olunan sanksiyalar barədəki məsələlərə aydınlıq gətiriləcək.

İlk növbədə, mənzil toxunulmazlığının milli və beynəlxalq qanunvericilikdə necə təsbit olunmasına diqqət yetirmək lazımdır. Milli qanunvericiliyə baxsaq, görərik ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Həmçinin Cinayət-Prosesual Məcəllənin 17-ci maddəsində göstərilir ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

Lakin Konstitusiyanın adı çəkilən maddəsinin 2-ci hissəsində qeyd olunur ki, Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmçinin adı çəkilən beynəlxalq hüquqi ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilməməsi qeyd olunmuşdur.

Bu o mənaya gətirir ki, mənzil toxunulmazlığı hüququ mütləq hüquq deyil, nisbi hüquqdur, yəni qanunla müəyyən olunmuş hallarda ona müdaxilə mümkündür. Lakin hər iki qanunvericilik konkret hallar göstərmiş və əsassız, eləcə də göstərilən hallardan başqa müdaxiləni məhdudlaşdırmışdır. Əlavətən, Cinayət-Prosesual Məcəllənin 17-ci maddəsində göstərilir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəs yaşayış yerində yaşayanların iradəsi ziddinə yaşayış yerinə daxil ola bilməz. Bu isə yuxarıda göstərilən halın bir digər qanunvericilikdə təsdiqini tapmış halıdır.

Bu nöqtədə hansı hallarda müdaxilənin qanuni olduğu və Konstitusiyada nəzərdə tutulan qanunda göstərilmiş hallar və məhkəmə qərarı anlayışına izah vermək lazımdır. Cinayət-Prosesual Məcəllənin 17.2-ci maddəsində göstərilir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir. Digər tərəfdən sözügedən aktın 177.4-cü maddəsində yaşayış yerində istintaq hərəkətləri yalnız məhkəmə qərarı əsasında aparılır.

Lakin qanunverici bu hala istisna kimi məhkəmə qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılmasının mümkünlüyünü göstərmişdir. Belə ki, həmin Məcəllənin 243.3-cü maddəsində göstərilir ki, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyi, yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğu hallarda istintaq hərəkətləri məhkəmə qərarı olmadan aparıla bilər.

Polis haqqında Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasına və mənzilə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir:

1) hakimin qərarı olduqda;

2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

Hakimin qərarı olmadan polis əməkdaşı mənzilə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olduğu barədə dəqiq məlumatı və ya əsaslı şübhələri olduğu halda qanunvericiliklə müəyyən edilmiş qaydada daxil ola bilər:

1) mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi;

2) cinayət törətmiş, həbsdən və ya cəzaçəkmə müəssisələrindən qaçmış şəxsin həmin mənzildə gizlənilməsi;

3) cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi;

4) mənzildə insan meyidinin olması;

5) mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.

Həmin qanunun 25-ci maddəsində isə mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri göstərilmişdir:

1) bu Qanunun 24-cü maddəsinin I və II hissələrində göstərilmiş hallar və əsaslar olmadan mənzilə orada yaşayanların iradəsi ziddinə əsassız daxil olmamalıdır;

2) mənzilə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə mənzilə daxilolmanın əsaslarını bildirməlidir;

3) mənzilə daxilolma ilə əlaqədar mənzildə yaşayan şəxsə onun hüquqlarını, həmin şəxs mənzilə daxil olmağa icazə vermədikdə isə onun qanuna zidd hərəkət etdiyini izah etməlidir; 4) mənzilə orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı zəruri müdafiə və ya son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitələrdən istifadə etməli, mənzildə olan şəxslərin şərəf və ləyaqətinə, həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir;

5) mənzilə orada yaşayanların iradəsi ziddinə daxilolma faktını Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;

7) mənzilə daxilolma ilə əlaqədar mənzildə yaşayanların şəxsi və ailə həyatının ona məlum olmuş hallarını açıqlamamalıdır.

II. Polis əməkdaşı mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir.

İkinci məsələ isə hansı halların qanunsuz olduğunu aydınlaşdırmaqdır. Qeyd etdiyimiz kimi, qanunda nəzərdə tutulmuş hallar və məhkəmə qərarı olmadan şəxsin iradəsinə zidd istənilən halda müdaxilə qanunsuzdur. Qonşunun icazəsiz evə daxil olması, kirayəçinin kirayə verdiyi evə qanunsuz daxil olması bu hallara aiddir.

Bu məsələ təkcə bununla da məhdudlaşmır, yəni müdaxilə hallarında əlavə, müdaxilənin olunan mənzil dedikdə nə anladığımızı da aydınlaşdırmalıyıq. Bu anlayış geniş anlayışdır, belə ki yalnız nəzərdə tutulan mənzil anlayışı ilə məhdudlaşdırmaq olmaz.

Məsələn şəxsin həyət evi varsa və həyətə izinsiz daxil olunarsa, bu mənzilə müdaxilə hesab oluna bilər. Beynəlxalq praktikada bu məsələ ilə bağlı yanaşma çox unikal və genişdir. Belə ki, ABŞ Ali Məhkəməsinin bir qərarında yalnız dörd divarla əhatə olunan və ya yalnız bina kimi nəzərdə tutulan mənzili bu kateqoriya aid etmir, həmçinin şəxsin özünü mənzili hiss etdiyi yeri belə bura daxil edir, fərdin şəxsi məkanı kimi anlayış verir. Həmin qərarda Məhkəmə narkomanın yatdığı skamyanı onun mənzili hesab etmiş, şəxsin cibindən narkotik tapılaraq polis bölməsinə aparılmasını mənzilə qanunsu müdaxilə hesab edərək qanunsuz yolla əldə olunmuş sübut əsası ilə qanun pozuntusu aşkar etmişdir.

Son məsələ mənzilə qanunsuz müdaxilə olunan zaman tətbiq olunan hüquqi sanksiya ilə bağlıdır. Cinayət Məcəlləsinin 157-ci maddəsində mənzil toxunulmazlığı pozulması ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Eyni zamanda Polis haqqında Qanunun 25.2-ci maddəsi qeyd edir ki, mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Dövlət orqanları, fiziki, hüquqi şəxslər və digər subyektlər bu sanksiyalara məruz qala bilər. Şəxs ona dəymiş bu və ya digər zərəri məhkəmə qaydasında tələb edə bilər.

Toğrul Yadigarov

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi

Oxşar xəbərlər