- 18 Fevral 15:31
“Vəkil xidmətlərinə görə vəkillə müqavilə bağlanır və ödəniş edilir. Ödənişin məbləği qarşılıqlı razılaşmadan asılı olur. Bəzi şəxslər maddi imkanlarının aşağı olması ilə əlaqədar vəkil xidmətlərinə görə ödəniş edə bilmir. Qanunvericilik onların aztəminatlı olmasını nəzərə alır və həmin şəxslərə dövlət hesabına vəkil təyin edilməsinin qayğısına qalır. Təyin edilən vəkilin xidmət haqqı dövlət büdcəsi hesabına ödənilir”.
E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.
“Bunun üçün yaşadığınız ərazidə fəaliyyət göstərən vəkil bürosuna müraciət etməlisiniz. Maddi imkanın vəkil xidmətini ödəməyə imkan vermədiyini təsdiq edən sənədləri, məsələn, əlilliyi təsdiq edən, ünvanlı sosial yardımın alınmasını təsdiq edən sənəd, işsiz kimi qeydiyyatda olmağınızı təsdiq edən arayış vəkil bürosuna təqdim edilməlidir. Vəkil bürosu sənədləri nəzərdən keçirərək məhkəməyə müraciət edir. Bu zaman məhkəmə həqiqətən vəkil xidmətini ödəməyə imkanın olmadığını və iddia qaldırmaqda nə dərəcədə əsaslı olduğunuzu nəzərdən keçirir. Bundan sonra dövlət hesabına vəkil təyin olunması barədə qərar qəbul edilir və həmin qərarın icra olunması üçün vəkil bürosuna göndərilir . Vəkil bürosu həmin qərarı icra edərək sizə vəkil ayırır”, - deyə vəkil qeyd edib.
O əlavə edib ki, şəxsə qarşı iddia qaldırıldıqda isə vəkil bürosuna müraciət edilmir: "Birbaşa işin getdiyi məhkəməyə müraciət edərək dövlət hesabına vəkilin ayrılmasını xahiş edə bilərsiniz".
Humay Eminqızı