- 10 Fevral 16:26
Vətəndaşların müvafiq qaydada müraciət etmək hüququ istər Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya, istərsə də dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilərlərlə tənzimlənir, həmçinin dəstəklənir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
Məhkəməyə müraciət hüququna gəldikdə isə bu konkret qanun normaları ilə tənzimlənir, məsələn Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər və məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlanır.
Mülki prosessual qanunvericiliyə əsasən şəxslər ümumi məhkəmələrə tələbin məzmunundan asılı olaraq iddia və ya xüsusi icraat qaydasında ərizələrlə müraciət edə bilərlər.
İlk öncə iddia ərizəsinin forma və məzmunu ilə əlaqədar qeyd etməliyik ki, ərizə məhkəməyə yazılı şəkildə verilir, daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır.
İddia ərizəsində göstərilməlidir: 1. ərizənin verildiyi məhkəmənin adı; 2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin eyniləşdirmə məlumatları.
Çox təəssüf ki, bir çox hallarda sadalanan məlumatlar natamam göstərilmiş olur və bu iddiaların məhkəmə tərəfindən qaytarılması ilə nəticələnir. Yəni iddiaçı özünəməxsus bütün məlumatları ətraflı təfərrüatı ilə göstərməyinə baxmayaraq, qarşı tərəfə məxsus məlumatları göstərmir və ya natamam göstərmiş olur.
Unutmaq olmaz ki, bütün - istər mülki, inzibati, cinayət prosessual qanunvericiliyin təməl prinsiplərindən deyərdik ki, ən mühüm olanı məhz çəkişmə prinsipidir.
Çəkişməli proses nədir? - məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilməklə baxılır. Hər bir tərəfin öz tələblərini əsaslandırdıqları dəlillər, sübutları, halları bir birilərinə qarşı məhkəmə müstəvisində irəli sürmək, hər bir tərəfindən izahatlar vermək, çıxışlar etmək, etirazlar etmək, sərgiləmiş olduğu mövqeyini əsaslandırmaq kimi hüquqularının təmin edilməsidir.
Eyniləşdirmək olmasa da, cinayət prosesinə nəzər saldıqda burada ittiham və müdafiə tərəflərinin olmasını görə bilərik. Təqsirləndirilən şəxsin bir müdafiə tərəfi kimi nədə ittiham olunduğunu bilmək, ittihama qarşı mövqeyini və müdafiə taktikasını formalaşdırmaq kimi hüquqları mövcuddur. Eləcə də mülki prosesdə tələbini irəli sürən iddiaçı olduğu kimi, mülki iddia ilə ittiham olunan cavabdeh tərəf var və hüququnun pozulduğunu iddia edən tərəf kimi onun da qanunla nəzərdə tutulmuş hüququ və mənafeyi var, bu hüquq “milliyyət, din, cinsindən, siyasi mənsubiyyətindən, tutduğu vəzifədən asılı olmayaraq hamı qanun və məhkəmə qarşısında bərabərdir” prinsipindən dolayı məhkəmə tərəfindən təmin olunmalıdır. Yəni cavabdeh tərəf də iddianın mahiyyətini bilməli, ona qarşı etirazını hazırlamalı, sübutlarını toplamalı və məhkəmə araşdırmasında tamhüquqlu iştirakını həyata keçirməlidir. Bu halda ədalət tərəzisinin tarazlığından söhbət açıla bilər.
Məhz çəkişməli prosesin nəticəsində məhkəmə ədalətli, obyektiv, düzgün qərar qəbul edir. Ona görə də qanunverici məhkəmədə hər iki tərəfin iştirakının təmin olunmasının zəruriliyi baxımından bu normanı müəyyən etmiş, məhkəməyə tərəflərin prosesdə iştiraklarının təmin olunması üçün bütün məlumatların ərizədə göstərilməsini imperativ qaydada müəyyən etmişdir. Həmçinin bildirmək istəyirik ki, qanunvericiliyin bütün bu məlumatların iddia ərizəsində göstərilməsi tələbi - ərizələrin daha qəliz daha çətin tərtibinə xidmət etmir, əsas məqsəd tərəflərin prosesə cəlbinin mümkünlüyü baxımından məlumatların göstərilməsidir.
Bundan əlavə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Təbii anlaşılandır ki, vətəndaş bir dəfəyə bir neçə problemi bir məhkəmə araşdırması zamanı həll edilməsini arzulayır. Lakin unutmaq olmaz ki, qanun dəqiqdir və bir tələb üzrə müxtəlif və fərdi prosessual yanaşma tələb edir. Müxtəlif tələblərin bir icraatda birləşməsi əlbəttə mümkün olmaması ilə yanaşı işin düzgün həllinə də maneçilik yaratmaqla doğru nəticəyə gəlməyə imkan verməyəcək.
İddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat da əlavə edilməlidir. Bu daha çox müqavilə şərtlərinin pozulmasına dair işlərdə tələb olunur və pretenziyanın məzmunu da məhz qarşı tərəfin müqavilənin şərtlərinə əməl etməsi, əks təqdirdə bununla əlaqədar tərəfin məhkəməyə müraciət etməsindən ibarət olur.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat mütləq şəkildə ərizəyə əlavə olunmalıdır.
İstər sıravi vətəndaşlar, istərsə də hüquqşünaslar arasında mediasiya ilə bağlı maarifləndirmə işləri kifayət qədər geniş vüsət almışdır. Tərəflər istənilən mübahisə üzrə mediasiyaya müraciət edə bilərlər. Lakin mediasiya haqqında qanunla ailə və əmək mübahisələri zamanı ilkin mediasiya sessiyasında iştirak məcburi qaydada müəyyən edilir. Bu hal məhz sadalanan mübahisələrin xarakteri nəzərə alınmaqla tərəflər arasında müəyyən razılığın əldə edilməsinə, barışıqla işin yekunlaşmasına nail olmağı mümkünlüyü qiymətləndirilərək qanunvericiiyə daxil edilmişdir.
İddia ərizəsinə dövlət rüsumu haqqında qanunvericiliyin şərtlərinə riayət etməklə verilməsi də onun mümkünlüyünü labüd edən əsas şərtlərdəndir. Hazırda iddiaların qiymətindən asılı olaraq dövlət rüsumu müəyyən edilmiş, həmçinin hər bir şəxs elektron sistemdə yaradılmış imkanlardan istifadə edərək dövlət rüsumunun hesablanmasına dair kalkulyator vasitəsilə hansı miqdarda rüsum ödəyəcəyini dəqiq müəyyən etmək imkanına da malikdir.
İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.
İddia ərizəsi yuxarıda qeyd olunan tələblərə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.
Sadalanan ilkin və zəruri şərtlərin qanunvericilikdə nəzərdə tutulması ilk öncə məhkəmə mühakiməsinin səmərəliliyinin, çəkişmə prinsipinə riayət olunmasının, işin qanunla nəzərdə tutulmuş müddətlərdə hərtərəfli araşdırılmasının təmin olunmasını mümkün edir.
Məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Nöqsanlar iddianın icraata qəbulunu istisna edirsə məhkəmə iddianın yol verilmiş nöqsanlar göstərməklə geri qaytarılması barədə qərardad qəbul edir.
İddia və ya xüsusi icraat qaydasında verilən ərizələrdə ən çox yol verilən nöqsanlar
İddia ərizələrinin geri qaytarılmasının əsas səbəblərindən biri kimi aidiyyət qaydalarına riayət etməmə müəyyən edilir.
Aidiyyət qaydalarının pozulmasına yol verilmir və bu qanunvericilidə çox ciddi nizamlanır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin istər məhkəmə, istər ərazi aidiyyət qaydalarına dair çox mühüm, dərin işlənmiş işlərin Ümumi və Kommersiya məhkəmələrinə aidiyyəti ilə bağlı, işlərin Ümumi və İnzibati məhkəmələrə aidiyyəti ilə bağlı müvafiq Plenum qərarları mövcuddur. Qeyd olunan qərarlar yalnız hakim və məhkəmə korpusu üçün deyil, həmçinin vəkil, hüquqi xidmət göstərən şirkətlər, siravi vətəndaşların da tanış olması və nəzərə alınması üçün qəbul edilib və hazırda həmin qərarlarla istər adi internet axtarış sistemi, istərsə də Ali Məhkəmənin rəsmi internet saytında yaradılmış axtarış sistemi üzərindən tam mətni ilə tanış olmaq mümkündür.
Mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
Ərazi aidiyyətinə gəldikdə isə - qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qanunvericiliklə müstəsna aidiyyət kimi məhz Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilməsi də nəzərdə tutulmuşdur. Qanuvericilik iddiaçının seçiminə görə də iddia ərizəsinin ərazi üzrə müvafiq məhkəməyə verilməsini nəzərdə tutub - Məsələn İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər və sair. Qanunda bu halların müəyyən edilməsi məhz məhkəməyə müraciət etməkdə obyektiv səbələrdən çətinlik çəkən şəxslərin məhkəməyə çatımlığına şərait yaratmış olur. Xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır və ərizə ərizəçinin yaşadığı yer üzrə verilir.
Digər xarakterik nöqsanlardan biri ərizənin səlahiyyəti və ya xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanması təşkil edir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin VI fəslində nümayəndəlik institutuna aydınlıq gətirmək istərdik. Mülki prosesdə nümayəndə ola bilən şəxslər: yaxın qohumlar və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan vəkillər ola bilər.
Yaxın qohum dedikdə şəxsin valideynləri, övladları, ər-arvad, bacı qardaş başa düşülür. Nümayəndənin səlahiyyəti qanunauyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks edilməlidir.
Yəni etibarnamədə məhkəmədə onun adından iddia qaldırmaq, iddia ərizələrinin imzalanması, iddiadan imtina, barışıq sazişinin bağlanması, o cümlədən də cavabdeh üçün iddianın etiraf edilməsi, məhkəmə aktlarından şikayətlərin verilməsi, imzalanması göstərilməlidir. Etibarnaməyə həmçinin yaxın qohumluq əlaqələrini təsdiq edən sənəd də əlavə edilir.
Vəkilin səlahiyyəti qanunla müəyyən olunur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda, bundan başqa “Vəkil Orderi haqqında” Əsasnamədə nəzərdə tutulmuşdur ki, hər bir vəkil hüquqi yardıma tərəflə arasında bağlanmış müqavilə, və ya dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair məhkəmə qərarı əsasında bağlayır. Bunun əsasında hər bir iş üçün ayrılıqda vəkil qurumu tərəfindən verilmiş və müvafiq qurumun rəhbəri tərəfindən imzalanmış, möhürlənmiş, markalanmış unikal sənəd hesab olunan vəkil orderi əsasında vəkil işə buraxılır.
Bəzi hallarda ilkin mediasiya sessiyasında iştirak etmədən şəxsin birbaşa məhkəməyə müraciət etmə hallarına da rast gəlmək olur.
Mediasiya haqqında qanunda yuxarıda sadalanan ilkin mediasiyanı keçmə zəruriliyi haqqında tələblərə ciddi riayət edilməlidir. Bəzən, məsələn işə bərpa işlərində əmək mübahisələrində qanunvericiliyin iddiaların irəli sürülməsinə dair müddətləri də qısa zaman kəsiyində müəyyən etdiyindən şəxslər narahat qalaraq birbaşa məhkəməyə müraciət edirlər. Lakin burada narahatçılığa əsas yoxdur, çünki artıq mediasiyaya müraciət etmək müddətlərin axımına dayandırılmasına səbəb olur.
Nöqsanların aradan qaldırılması üçün tövsiyələr
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında məhkəmə-hüquq sisteminin davamlı inkişafını daim dövlət siyasətinin prioritetlərindən biri kimi qiymətləndirib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir.
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli fərmanında da mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması və səmərəli həllinin təmin edilməsi məqsədilə məhkəmələrlə yanaşı vəkillər kollegiyasının da qarşısında zəruri işlərin görülməsi müəyyən edilmişdir. Həyata keçirilən müsbət dəyişikliklərin nəticəsi olaraq hazırda vəkillərin də say tərkibi artmış, peşəkar hüquqi yardım hər bir vətəndaş üçün əlçatan olmuşdur.
Bundan əlavə 09.06.2023-cü ildə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə edilən mühüm əlavələrdən sonra artıq vəkilin məhz mülki prosesdə dövlət hesabına iştirakının mümkünlüyü özü də vətəndaş üçün məhkəməyə çatımlığın imkanlarının genişləndirilməsi istiqamətində dövlətin xüsusi həssas münasibətinin göstəricisidir. Çox tövsiyyə edərdik ki, istər iddia ərizələrinin, istərsə də məhkəmə aktlarından verilmiş şikayətlərin tərtibi zamanı peşakar hüquqi yardım göstərən müvafiq vəkil qurumlarına, vəkillərə müraciət edilsin.
Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən istifadə ilə əlaqədar şikayətlərin tərtibi zamanı zəruri olaraq Azərbaycan Respublikası Mülki prosessual qanunvericiliyində elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Sistemdə elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Bunla əlaqədar məhkəməyə müraciət edən şəxslərə elektron sistemdə özlərinə məxsus elektron kabinetin yaradılmasını, həmçinin elektron imzadan istifadə imkanlarından yararlanmağı tövsiyyə edərdik.
Səidə Məmmədova
Binəqədi Rayon Məhkəməsinin hakimi