İşçilərlə işəgötürənlər arasında narazılıq yaradan əsas səbəblər nələrdir? - Hüquqşünasdan AÇIQLAMA


  • 14:03

"Müasir əmək bazarında işçi və işəgötürən münasibətləri mürəkkəb və çoxşaxəlidir. Bu münasibətlərdə əmək haqqının ödənilməsi, iş şəraiti, karyera imkanlarının məhdudluğu və hüquqi tələblərin yerinə yetirilməməsi kimi məsələlərdən doğan narazılıqlar geniş yayılıb. Azərbaycan Respublikasının qanunvericiliyi, xüsusilə Əmək Məcəlləsi, bu problemlərin həlli üçün əsas hüquqi çərçivəni təmin edir".

Bu sözləri e-huquq.az-a açıqlamasında hüquqşünas Aytac Qurbanova deyib.

O bildirib ki, əmək haqqının vaxtında ödənilməsi işçi hüquqlarının əsas təminatıdır: "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Əmək haqqının gecikdirilməsi işçilərin motivasiyasını azaldır və hüquqi məsuliyyət yaradır. Əmək haqqının gecikdirilməsi və ya ödənilməməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində konkret məsuliyyət nəzərdə tutulur. Bu maddəyə əsasən, vəzifəli şəxslər üçün cərimə məbləği 700 manatdan 1500 manatadək nəzərdə tutulur. Bu, işəgötürənin əmək haqqını qanunla müəyyən edilmiş qaydada və müddətdə ödəməməsinə görə tətbiq edilir. Belə hallarda işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək öz hüquqlarını tələb edə bilər".

Hüquqşünas deyib ki, sağlam və təhlükəsiz iş şəraiti işçi hüquqlarının vacib elementlərindəndir: "Əmək Məcəlləsinin 215-ci maddəsinə görə, işəgötürən təhlükəsiz və sağlam iş şəraiti təmin etmək məcburiyyətindədir. Bununla yanaşı, iş mühitində psixoloji rifahın qorunması da işçinin ümumi motivasiyasına təsir edir. İş yerlərində etik kodekslərin tətbiqi və mobbinqə (psixoloji təzyiq) qarşı sıfır tolerantlıq siyasəti işçilərin hüquqlarının qorunmasına kömək edəcəkdir. Anonim şikayət mexanizmləri yaradılmalı və psixoloji dəstək proqramları tətbiq edilməlidir".

A.Qurbanovanın sözlərinə görə, işçilər üçün karyera inkişafı və peşəkar yüksəliş imkanlarının məhdudluğu onların uzunmüddətli motivasiyasını və şirkətə bağlılığını zəiflədir. Bu, hüquqi baxımdan məcburi tənzimləmə olmasa da, müasir idarəetmə yanaşmalarında işçilərin inkişafı əsas element hesab olunur. İşəgötürənlər daxili və xarici təlimlər təşkil edərək işçilərin inkişafını dəstəkləməlidirlər.

O bildirib ki, əmək münasibətlərinin qanun çərçivəsində tənzimlənməsi üçün əmək müqaviləsi elektron sistemdə qeydiyyata alınmalıdır. Qanunsuz əmək müqaviləsi və ya şifahi razılaşmalar işçinin hüquqlarını zəiflədir və işəgötürən üçün hüquqi məsuliyyət yaradır. Əmək müqaviləsi olmadan işçi çalışdırılması İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimələnir. Fiziki şəxslər üçün 1 000 manatdan 2 000 manatadək, vəzifəli şəxslər üçün 3.000 manatdan 5 000 manatadək, hüquqi şəxslər üçün isə 20 000 manatdan 25 000 manatadək cərimə nəzərdə tutulur".

Hüquqşünas deyib ki, işçilər əmək müqaviləsini imzalamazdan əvvəl onun məzmununu diqqətlə oxumalı və qanunvericiliyə uyğun olduğundan əmin olmalıdırlar. Hər hansı qanunsuzluq halında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək mümkündür: "İşçilərlə işəgötürənlər arasında sağlam münasibətlərin qurulması üçün qanunvericiliyin tələblərinə ciddi əməl olunmalıdır. İşəgötürənlər işçilərin rifahını artırmaq üçün qanunvericiliyə uyğun olaraq əmək haqqının vaxtında ödənilməsini təmin etməli, sağlam və təhlükəsiz iş şəraiti yaratmalı, işçilərin karyera inkişafına dəstək göstərməlidirlər. İşçilər isə hüquqlarını öyrənməli və qanunsuz hallarda hüquqi müdafiə vasitələrindən istifadə etməlidirlər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər