Azyaşlı uşaqların diləndirilməsi: Hüquqi mübarizə necə aparılmalıdır?


  • 27 Yanvar 15:51

Bu gün ictimai yerlərdə, xüsusən də metro çıxışlarında azyaşlı uşaqların diləndirilməsi halları ilə tez-tez qarşılaşırıq. Bu vəziyyət onların təhsildən yayınmasını açıq şəkildə göstərir. Halbuki, mövcud Təhsil Qanunvericiliyinə əsasən, 9-cu sinfə qədər təhsil məcburidir. Belə olan halda, azyaşlıları məcburi şəkildə diləndirən valideynlərə qarşı hansı tədbirlər görülməlidir? Uşaqların bu vəziyyətdən xilas olması və onların təhsil hüququnun qorunması üçün hansı addımlar atılmalıdır?

Azərbaycan Respublikasında ümumi orta təhsil, 9-cu sinfə qədərki təhsil icbaridir və dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Vətəndaşların bu təhsil hüququ bəzi hallarda ailələrin maddi vəziyyətinin həddən artıq ağır olması səbəbindən valideynlər tərəfindən məhdudlaşdırılsa da, tez-tez qarşılaşdığımız hallardan biri də valideynləri tərəfindən dilənçiliyə cəlb edilən uşaqların təhsildən uzaq qalmasıdır. Bu kimi halların qarşısının alınmasında qanunvericiliyimiz kifayət qədər məsuliyyət normaları və prosedurlar təsbit edir.

Ancaq valideynlərin məsuliyyətinə keçməzdən öncə dilənçilik anlayışına açıqlama gətirmək istərdim. Dilənçilik İnzibati Xətalar Məcəlləsinə görə, avaralıqla məşğul olmanın bir formasıdır. Belə ki, “avaralıqla məşğul olan” dedikdə, müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla) mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.

Dilənçilik etməyin özü İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə görə məsuliyyətə səbəb olur. Belə ki, bu əmələ görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya 20 manatdan 25 manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən dilənçiliyə cəlb edilməsinə görə 50 manatdan 90 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 5 gündən 15 günədək müddətə inzibati həbs tətbiq edilir.

Yuxarıda deyilənlərə əlavə olaraq, uşaqların təhsildən ayrılmasına görə, İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsi digər bir məsuliyyət də nəzərdə tutur. Belə ki, Məcəllənin 181.0.1-ci maddəsinə görə, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

Digər tərəfdən uşaqların dilənçiliyə cəlb edilməsi açıq-aşkar valideynlər tərəfindən uşaqların təlim-tərbiyəsi vəzifələrinin yerinə yetirilməməsi deməkdir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyası (maddə 17, II hissə) və Ailə Məcəlləsi (maddə 58) valideynlərin uşaqlarını tərbiyə etmək vəzifələrini birbaşa təsbit edir. Valideynlərin bu vəzifələrini yerinə yetirməməsinə görə də İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi məsuliyyət müəyyən edir. Belə ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə edilir. Bu maddədə nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir. Həmçinin bu maddədə nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya 14 yaşından 16 yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir.

Yuxarıda qeyd edilən məsuliyyət tədbirlərinə və normalarına baxmayaraq, fikrimcə, bu cür tədbirlər uşaqların təhsildən yayındırılması, onların dilənçiliyə məcbur edilməsi əməlləri qarşısında olduqca yetərsizdir və heç də valideynləri bu əməllərdən çəkinməyə vadar etmək üçün kifayət deyildir. Belə olduqda, sırf inzibati məsuliyyətə cəlb etmək hesabına dilənçiliyin qarşısının alınması, əlbəttə, mümkün olmayacaqdır. Odur ki, qanunvericilikdə nəzərdə tutulan digər imkanlardan istifadə etmək lazımdır. Bunlar uşağın valideyndən alınması, valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum etmə institutlarıdır.

Əvvəlcə qeyd edim ki, bu institutlara baş vurmazdan öncə digər alternativ yollarla (məsələn, tərbiyəvi, psixoloji söhbətlər, sosial təminatlar sahəsində maarifləndirmə və s.) valideynləri uşaqların hüquqlarını pozmaqdan, onları qeyri-qanuni fəaliyyətlərə cəlb etməkdən çəkindirməyə çalışmalı, ən son bu cür tədbirlərə əl atmalıyıq. Çünki bu cür institutlar uşaqların təhsil, tərbiyə kimi hüquqlarının təmin edilməsinə yönəlsə də, onların valideyn himayəsindən də məhrum olmasına, gələcək psixoloji inkişafına olduqca mənfi təsirə səbəb ola bilər.

Valideynlər yalnız qanunda nəzərdə tutulmuş aşağıdakı hallarda valideynlik hüquqlarından məhrum edilə bilərlər:

1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

2. alimenti qəsdən ödəmədikdə;

3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;

4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;

5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;

8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.

Uşaqların dilənçiliyə cəlb edilməsi və təhsildən yayındırılması yuxarıda sadalanan 1-ci və 4-cü hala uyğun olduğundan bu maddələrə istinad etməklə valideynlərin valideynlik hüquqlarından məhrum edilməsi mümkündür.

Nəzərə almaq lazımdır ki, bu cür məhrumetmə yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Bu işə baxılarkən yerli icra hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının (bundan sonra “Qəyyumluq və himayəçilik komissiyası” adlandırılacaq) iştirakı təmin edilməlidir.

Qeyd edim ki, məhkəmə qətnaməsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər bundan sonra da uşaqların saxlanmasını təmin etmək vəzifələrindən, eləcə də aliment ödəmək öhdəliyindən azad edilmirlər. Bununla belə, həmin valideynlər uşağın əmlakına vərəsə olmaq, onunla yaşamaq, uşaq yetkinlik yaşına çatdıqdan sonra ondan aliment almaq, saxlanma xərcləri tələb etmək hüquqlarını itirir.

Valideynlər valideynlik hüququndan məhrum olunduqda uşağın ailədə tərbiyəsi Ailə Məcəlləsi ilə müəyyən olunmuş qaydada dövlət tərəfindən təmin edilir, bu cür uşaqların aşkar edilməsi və uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi tədbirləri icra edilir. Belə uşaqlar valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa da götürülə bilərlər.

Bəzi hallarda məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. Belə ki, uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir.

Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra Qəyyumluq və himayəçilik komissiyası uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Qəyyumluq və himayəçilik komissiyası valideynləri (onlardan birini) bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər.

Valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddianı uşağın yaxın qohumları, prokuror, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr qaldıra bilərlər.

Hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq dövlətin himayəsinə verilir.

Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər, lakin uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər.

Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda (məsələn, ailə üzvlərinin hamısı avaralıqla və ya dilənçiliklə məşğuldursa, uşaq bütün gün həyatı və sağlamlığı üçün təhlükəli şəraitdə “işləməyə” (dilənçiliklə məşğul olmağa) məcbur edilirsə, ailənin qalmağa sanitar-gigyenik standartlara cavab verən evi yoxdursa və s.), Qəyyumluq və himayəçilik komissiyası uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Komissiya bu barədə akt tərtib edir.

Uşağı götürən Qəyyumluq və himayəçilik komissiyası dərhal prokurora və uşağın yerləşdirilməsi üçün aidiyyəti qəyyumluq və himayəçilik komissiyasına məlumat verməli, yaxud öz yurisdiksiyasına aiddirsə, müvafiq tədbirlər görməlidir. Həmin komissiyası uşağın alınması barədə aktın çıxarılmasından sonra 7 gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.

Uşaqların diləndiyi faktları ilə qarşılaşdıqda həssas yanaşılmalıdır. Belə ki, dilənçiliklə məşğul olmanın arxasında təkcə uşaqların tərbiyə almaq, təhsil almaq hüquqlarının pozuntusu deyil, eyni zamanda insan alveri faktları da ola bilər. Odur ki, belə hallarla rastlaşdıqda dərhal 102 xidmətinə məlumat vermək lazımdır. Alternativ olaraq, müəyyən ərazidə mütəmadi uşaqların diləndirildiyi hallarının şahidi olduqda, ərazi üzrə yerli icra hakimiyyəti orqanına da birbaşa müraciət oluna bilər.

Babək Umudov

"Mirzəyev və Partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər