"Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq razılığın alınmaması əqdin etibarsızlığına səbəb olur"


  • 4 Sentyabr 10:22

Ərin (arvadın) razılığı olmadan birgə mülkiyyətdə olan əmlaka sərəncam verilməsi ilə bağlı hüquqi nəticələr, əmlakın daşınar və daşınmaz olmasından, əmlakın sonradan digər vicdanlı əldə edənə verilib-verilməməsindən asılı olaraq dəyişir.

E-huquq.az xəbər verir ki, bunu vəkil Murad Mirzəzadə deyib.

O bildirib ki, reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.

Vəkilin sözlərinə görə, ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir: "O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz".

M.Mirzəzadə qeyd edib ki, bəzən məhkəmə təcrübəsində ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onlardan biri tərəfindən bağlanmış əqdlərdə vicdanlılığı istisna edən qayda əldə edən tərəfindən sonrakı əvəzli özgəninkiləşdirmə əqdlərinə də tətbiq edilir və əşyaya dair bağlanmış sonrakı bütün əqdlər etibarsız hesab edilərək, əşya ər-arvadın birgə mülkiyyətinə qaytarılır: "Halbuki Mülki Məcəllənin 225.6-cı maddəsi ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir".

Oxşar xəbərlər