Şəxsin ölkədən getmək hüququ hansı hallarda məhdudlaşdırıla bilər?

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olduğundan həmin hüquqların əsassız məhdudlaşdırılması şəxsin konstitusion hüquqlarından biri olan azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Bu səbəbdən, sözügedən hüquq yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda və müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.

Şəxsin ölkədən getmək hüququ həm mülki işlər üzrə icra icraatı çərçivəsində, həmçinin cinayət işləri üzrə ibtidai araşdırma, təyin olunmuş cəzanın icrası mərhələsində və ya cəzadan azad etmə hallarında müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Mülki işlər üzrə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması məhkəmə qərarının (əmrinin) icrasını təmin etmək məqsədilə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında qəbul edilmiş məhkəmə qərarı ilə icra vərəqəsi tam icra olunanadək həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi bununla bağlı müvafiq tənzimləməni həyata keçirir.

Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

“Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” 22 aprel 2013-cü il tarixli təlimatda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və onun götürülməsi qaydası, təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru tərəfindən yoxlanılmalı olan hallar, hansı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilməməsi əsasları sadalanmışdır.

Həmçinin, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsində vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının konkret əsasları müəyyən edilmişdir.

9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

9.3.2. məhkum edildikdə - Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;

9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;

9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.

Vətəndaşlar https://www.taxes.gov.az/az/page/olkeden-getmek-huququnun-muveqqeti-mehdudlasdirilmasi, https://exidmet.justice.gov.az:8284/Icra/QuitLimitation, https://eservice.migration.gov.az/public/check-restriction, https://mia.gov.az/?limited/az/menu/30160/ keçidlərə daxil olaraq, tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd etməklə ölkədən getmək hüququna məhdudiyyətin qoyulub-qoyulmamasına dair məlumat əldə edə bilərlər.

Aytac Məmmədli

Vəkillər Kollegiyasının üzvü