Cinayət prosesində yetkinlik yaşına çatmamış şahidin dindirilməsi


  • 11 İyun 17:00

Cinayət prosesində yetkinlik yaşına çatmayan şəxs (uşaq) dedikdə 18 yaşına çatmayan şəxs başa düşülür. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun cinayət prosesində yetkinlik yaşına çatmamış şəxsin şahid kimi dindirilməsi ilə bağlı maarifləndirici məlumatında bildirilir.

Qeyd olunub ki, 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.

Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslərə onların dindirmədə iştirak etmək, müstəntiqin icazəsi ilə öz qeydlərini bildirmək və suallar vermək hüququ, habelə onların vəzifələri izah edilir. Müstəntiq verilmiş sualları rədd edə bilər, lakin onlar dindirmə protokolunda qeyd edilməlidir. Həmin protokola, həmçinin dindirilmiş şəxsin və dindirmədə iştirak etmiş şəxslərin bütün qeydləri daxil edilir.

16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir.

Oxşar xəbərlər