Şəxs sağ ikən dəfn olunacağı yer və dəfn üsulu barədə sərəncam verə bilərmi?


  • 30 May 17:47

Məlumdur ki, zaman-zaman mərhumun ölümündən sonra qohumlar arasında onların harada basdırılması ilə bağlı fikir ayrılıqları yaranır. Bu səbəbdən şəxsin dəfn olunacaq yerə qərar vermək səlahiyyətini müəyyən etməzdən əvvəl qeyd etmək lazımdır ki, bu məsələ şəxsi qeyri-əmlak xarakterli hüquqlarla bağlı məsələdir.İnsan öldükdən sonra sağ ikən öz bədəninə sərəncam vermək hüququna malikdir. Bu məsələ ilə bağlı qərar vermək səlahiyyəti ilk növbədə vəfat etmiş şəxsə məxsusdur. Şəxsiyyət ölümlə bitsə də, insanın sağ ikən dəfn olunacağı yerlə bağlı tələb və istəkləri nəzərə alınmalıdır. Bu səbəbdən mülki hüquq doktrinasında post-mortal, yəni ölümdən sonra şəxsi qeyri-əmlak xarakterli hüquqların müdafiəsi prinsipi işlənmişdir.

Bu prinsipə görə şəxsin dəfn olunacağı yerlə bağlı açıq və ya güman edilən iradəsi müəyyən edilə bilməzsə, qohumlarının iradəsi əsas götürülür. Ancaq bu qohumlar arasında mübahisə yarandıqda kimə üstünlük veriləcəyi müəyyən edilməlidir. Şəxsi qeyri-əmlak xarakterli hüquqlar çərçivəsində verilən bu səlahiyyət mərhumun həyat yaşantısına uyğun istifadə edilməlidir. Buna uyğun olaraq, mərhumla belə səlahiyyəti müəyyən olunan şəxs arasındakı əlaqə və emosional intensivlik nəzərə alınmalıdır.

Şübhəsiz ki, bu mənada ilk ağla gələn həyat yoldaşı və qan qohumları olur. Lakin bu səlahiyyəti ailə hüququ mənasında ailə anlayışı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu çərçivədə ölmüş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu şəxslər də nəzərə alına bilər.

Real "case" üzərindən hüquqi problemin təsviri

Türkiyənin Batman vilayətinin Sason rayonunun Örengil kəndində yaşayan erməni əsilli A altmış il əvvəl müsəlman olub. Onun erməni əsilli həyat yoldaşı A ilə evləndikdən sonra müsəlman olsa da, sonradan yenidən xristianlığı qəbul edib. Ailənin on bir uşağından yeddisi islamı, dördü isə xristianlığı qəbul etmişdir. Müsəlman uşaqlar cənazənin islami prosedurlara uyğun olaraq məsciddən çıxarılmasını istəyiblər.

Onların sözlərinə görə, A ölənə qədər müsəlman kimi yaşayıb, oruc tutub, namaz qılıb, hətta Həcc ziyarətinə getmək üçün Dini İşlər İdarəsinə müraciət edib.

Onun xristian övladları və həyat yoldaşı dəfnin kilsədə keçirilməli olduğunu və mərhumun təzyiqlərə görə dinini dəyişdiyini iddia edib. Nəticədə mərhumun həyat yoldaşının iradəsinə üstünlük verilmiş və mərhum Balıklı erməni qəbiristanlığında dəfn edilmişdir.

Belə olan halda sual yaranır: İnsan ölərsə, harada dəfn olunacağına kim qərar verəcək?

Əslində bu məsələni yalnız “meyitin harada basdırılacağına qərar vermək səlahiyyəti” kontekstində müzakirə etmək düzgün olmazdı. Çünki mövzu geniş perspektivdə meyitlə bağlı təmayülləri də əhatə edir. Məsələn, ölən şəxsin orqan və toxumalarının transplantasiyası və ya meyitin dəfn əvəzinə elmi məqsədlər üçün istifadə edilməsi barədə qərar vermək və ya meyiti yandırmaq səlahiyyəti də bu konteksdə müzakirə oluna bilər.

Azərbaycan Respublikası qanunvericiliyi "kremasiya"nı (ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması) qadağan edirmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il, 522 nömrəli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 2.1.12-ci bəndində "kremasiya" - (ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması), 2.1.13-cü bəndində "krematori" (meyitin yandırılması üçün xüsusi sobaları və qurğuları olan bina) anlayışları təsbit edilmişdir.

Həmin Qaydanın 2.1.1-ci bəndində "qəbiristanlıq" anlayışı belə verilmişdir: - "bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi"

Həmin Qaydanın 19.1-ci bəndində "ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən göstərilən xidmətlərdən biri də "cənazənin kremasiya olunması və kremasiya olunmuş şəxsin dəfni üçün digər ləvazimatların təqdim edilməsi" xidmətidir.

Həmin Qaydanın 21.5-ci bəndində göstərilir, Azərbaycan Respublikası vətəndaşının xarici ölkədən gətirilmiş və ya bu Qaydalara uyğun olaraq kremasiya olunmuş meyitinin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün hüzn divarında (kolumbaridə) ölmüş şəxsin soyadı, adı, atasının adı, doğum və ölüm tarixlərini bildirən lövhə vurulmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,4 metr ölçüdə oyuqlar və ya ümumi torpaq sahəsi 2 kvadratmetr olmaqla uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,8 metr ölçüdə qəbir yeri nəzərdə tutulur.

“Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 58 nömrəli qərarının "dəfn xidmətləri" bölməsində kremasiya sobasının maşinisti peşəsi təsbit olunmuşdur.

Yuxarıda göstərilənləri ümumiləşdirəndə aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyində kremasiya anlayışı təsbit edilmişdir.

Lakin, kremasiya ilə bağlı faktiki problem ölkəmizdə meyitin yandırılması üçün krematorilərin (xüsusi sobaların və qurğuların) olmamasıdır. Belə görünür ki, cəsədinin yandırılmasını istəyən şəxs üçün əngəl hüquq deyil, faktiki mümkünsüzlükdür.

Post-mortal şəxsi qeyri-əmlak xarakterli hüquqların qorunması prinsipi nədir?

Qəbir insanın meyitinin son gedəcəyi nöqtədir.Meyitin aqibəti ilə bağlı hüquqi tənzimləmələrlə yanaşı, bir çox dini qaydalar da mövcuddur. Ölüm təcrübəsi bütün insanlar üçün universaldır, meyitin aqibəti ilə bağlı təcrübələr, demək olar ki, cəmiyyətin öz mədəniyyətinin bir hissəsidir.

Post-mortal, yəni ölümdən sonra şəxsi qeyri-əmlak xarakterli hüquqların (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) qorunub saxlanması prinsipinə əsasən şəxs sağlığında, ölümündən sonra bədəninin gələcək taleyini müəyyən etmək və icazəsiz müdaxilənin qarşısını almaq hüququna malikdir.

Doktrinada bu belə izah olunur ki, insanın sağ ikən öldükdən sonra öz müqəddəratını təyin etmək iradəsi sağ qalanların iradəsindən üstündür. Digər bir halda şəxsin yazılı və ya şifahi bir iradəsi yoxdursa, yaxınlarının iradəsi nəzərə alınacaq.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Plenum qərarında mənəvi təzminat tələb etmək hüququ olan ölmüş şəxsin “yaxınları” dedikdə kimlərin nəzərdə tutulmas ilə bağlı göstərilir ki, şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı insan nəzərdə tutulur.

Post-mortal şəxsi qeyri-əmlak xarakterli hüquqların qorunub saxlanması prinsipinə görə də eyni qayda keçərlidir.

Ölümdən sonra öz bədəni ilə bağlı tələblərinin yerinə yetirilməsinin hüquqi əsası mülkiyyət hüququ deyil. Üstəlik, meyit vərəsəlik hüququnun obyekti də deyil, çünki şəxsin bədəni vərəsələrə keçən aktivlər sırasında sayıla bilməz. Bu səbəbdən də insanın sağlığında və ölümündən sonra öz bədəni ilə bağlı (dəfn üsulu, dəfn mərasimi, onu yeri və s. kimi) sərəncam verə bilməsinin mənbəyi Post-mortal şəxsi qeyri-əmlak xarakterli hüquqlarından qaynaqlanır.

Post-mortal, yəni ölümdən sonra qeyri-əmlak xarakterli şəxsi hüquqların qorunub saxlanması prinsipinə görə elə qaydalar var ki, burada əsas iradəvi akt kimi şəxsin sərəncam əqdi (vəsiyyətnamə) çıxış edir. Misal üçün bəzi hüquq sistemlərində dəfn üsulunun ölənin vəsiyyəti ilə təyin olunduğu qaydalar var.

Məsələn, Avstriyada “Meyit və dəfn xidmətlərini” tənzimləyən qanunun 17-ci bəndində (dəfn növünün və dəfn yerinin müəyyən edilməsi) iki dəfn növü nəzərdə tutulub: basdırılma və kremasiya. Dəfn növü və dəfn yeri mərhumun istəyindən asılıdır. Ölən şəxsin dəqiq müəyyən edilə bilən vəsiyyəti olmadıqda və ya onu güman etmək mümkün olmadıqda, dəfni faktiki təşkil edən şəxs (qohum və ya bələdiyyə) dəfnin növünü və yerini müəyyən etmək hüququna malikdir.

Eynilə, Almaniya “Qəbiristanlıq və dəfn haqqında” Qanunun 14-cü maddəsinə əsasən dəfn növü mərhumun istəyindən asılıdır.Ölən şəxsin dəfn üsulu ilə bağlı istəkləri məlum deyilsə, qohumları bunu müəyyən etməlidirlər.

Əgər qohumlar arasında dəfnin növü ilə bağlı fikir ayrılıqları varsa, o zaman həyat yoldaşının iradəsi qohumların iradəsindən, uşaqların iradəsi digər qohumların iradəsindən üstün tutulur.

Ölümə bağlı sərəncam əqdi kimi vəsiyyətnamə və şifahi iradə.

Şəxsin özünün ölüm faktını nəzərə alaraq öldükdən sonra əmlakının aqibəti ilə bağlı verdiyi sərəncamın ən tipik və ən geniş yayılmış forması vəsiyyətnamədir. Vəsiyyətnamə şəklindəki ölümə bağlı sərəncam əqdi ilə şəxs öz əmlakının öldükdən sonrakı müqəddəratını müəyyən edən iradəsini ifadə/bəyan edir.

Bununla belə, ölümə bağlı sərəncamların mirasla, yəni ölənin mal-dövləti ilə bağlı olması şərt deyil.

Şəxs ölümə bağlı sərəncam əqdi ilə ailə və ya şəxsi hüquqlarla bağlı qənaətini açıqla bilər. Məsələn, ölümə bağlı sərəncam əqdi ilə insan övladlarının oxuyacağı məktəb və ya seçəcəyi peşə ilə bağlı qənaətini açıqla bilər. Belə ölümə bağlı sərəncam əqdlərinin maddi dəyərə malik olmasını demək olmaz.

Şübhəsiz ki, insanın ölümə bağlı sərəncam əqdi ilə ölümdən sonra öz dəfn yeri ilə bağlı qərar verməsi də mümkündür. İnsan ölümə bağlı sərəncam əqdi ilə dəfnin növü, dəfn mərasimində iştirak edənlərə veriləcək yeməklər, məzar daşına yazılacaq yazı və dəfn olunacaq yerlə bağlı qərarlar verə bilər.

Rusiya Mülki Məcəlləsinin 1139-cu (vəsiyyət tapşırığı) maddəsində vəsiyyət edənin vəsiyyətə uyğun olaraq dəfn edilməsi barədə göstəriş vermək hüququ ilə yanaşı başqa bir maraqlı müddəada yer alıb: vəsiyyət edən həm də bir və ya bir neçə vərəsənin üzərinə vərəsənin ev heyvanlarını saxlamaq, habelə onlara lazımi nəzarət və qulluq göstərmək öhdəliyini qoymaq hüququna malikdir.

Oxşar tənzimləmə Belarusiya Mülki Məcəlləsinin 1055-ci maddəsində də təsbit edilmişdir.

Ukrayna Mülki Məcəlləsinin 1140-cı maddəsinə əsasən vəsiyyət edən vərəsənin üzərinə qeyri-əmlak xarakterli bəzi hərəkətləri, xüsusən də şəxsi sənədlərə sərəncam verilməsi, dəfn mərasiminin yerinin və formasının müəyyən edilməsi ilə bağlı öhdəlik qoya bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsində dəfn və onunla əlaqəli prosedurlar barədə vərəsəlik hüququ sahəsində konkret münasibəti tənzimləyən maddi hüquq norması yoxdur. Lakin, bunu qadağan edən maddi hüquq normaları da olmadığından hesab edirik ki, şəxs hər bir halda bu məzmunda vəsiyyətnamə tərtib edə bilər.

İnsanın sağ ikən dəfn yeri və ya dəfn mərasimi ilə bağlı istəkləri heç bir forma-şərtinə tabe deyil. Şəxs bu barədə öz iradəsini yazılı və şifahi şəkildə ifadə edə bilər. Bundan əlavə, insanın öz iradəsini açıq şəkildə ifadə etməsinə də ehtiyac yoxdur, əgər insanın sağ ikən davranışından və ya hadisələrə münasibətindən güman edilə bilən iradəsi müəyyən olunarsa, bunlar nəzərə alınmalıdır. Məsələn, əgər bir şəxs sağ ikən yaxın qohumunun dəfn olunduğu yerə "adamı da burda basdırarlarmı?" deyərək etiraz etmişsə və ya doğma kəndində dəfn olunmaq istəmədiyini, məskunlaşdığı şəhərdə dəfn olunmaq istədiyini dəfələrlə səsləndirmişsə, bu cür iradə bəyanı nəzərə alınmalıdır.

Ölmüş şəxsin vəsiyyətnamə icraçısını təyin etməsi

Şəxs sağlında vəsiyyətnamə tərtib edərək, onun icraçısını təyin edə bilər. Eyni zamanda dəfn yeri ilə bağlı başqa, dəfn mərasiminin təşkili ilə bağlı başqa, cənazə maşının təşkili ilə başqa icraçı təyin edə bilər.

Azərbaycan Respublikası Mülki qanunvericiliyinə əsasən miras qoyanın xüsusi xarakterli vəsiyyət sərəncamlarından biri vəsiyyət icraçısının təyin edilməsi adlanır. Miras qoyanın vəsiyyətdə ifadə olunan iradəsini bir qayda olaraq, vəsiyyətnamə ilə təyin olunmuş vərəsələr həyata keçirirlər. Əgər vəsiyyətnamədə başqa sərəncam nəzərdə tutulmazsa, elə hesab edilir ki, bütün vərəsələr eyni dərəcədə, bərabər qaydada vəsiyyət sərəncamının yerinə yetirilməsinə çağırılmışlar.

Bununla belə, vəsiyyət edənin hüququ vardır ki, o, vəsiyyətnamədə vəsiyyətin icrasını xüsusi şəxsə tapşırsın. Həmin şəxsə mülki qanunvericilikdə və sivilistika doktrinasında (elmində) vəsiyyətnamə icraçısı deyilir.

Əgər şəxs sağ ikən dəfn olunacağı yerlə bağlı açıq və ya üstüörtülü iradəsini bəyan etməmişsə və ya onun güman edilən iradəsi ilə bunu müəyyən etmək mümkün deyilsə, cəsədin harada və hansı qaydada (basdırılma və ya kremasiya) dəfn olunacağına kim qərar verməlidir? Bu səlahiyyət kimdədir?

Təbii olaraq ilk ağıla qohum məfhumu gəlir.Lakin, bu konteksdə şəxsi qeyri-əmlak xarakterli hüquqlar çərçivəsində qohum anlayışı ailə və ya vərəsəlik hüququndan kənara çıxır. Ölmüş şəxslə hər hansı qan qohumluğu və ya rəsmi nikahda olmayan xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı şəxslərin də belə səlahiyyəti ola bilər.

Azərbaycan Respublikası qanunvericiliyində də bu hallarda mübahisə zamanı kimin iradəsinin nəzərə alınacağına dair birbaşa tənzimləmə yoxdur. Bununla belə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il, 522 nömrəli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 2.1.8-ci bəndində ölmüş şəxsin qohumları dedikdə sıra ilə ölmüş şəxsin əri (arvadı), uşaqları (övladlığa götürülənlər), valideynləri (övladlığa götürənlər), bacıları və qardaşları, babaları (nənələri), nəvələri, ögey (ümumi ata və ana olan) bacıları və qardaşları, ərinin (arvadının) valideynləri, ərinin (arvadının) bacıları və qardaşları nəzərdə tutulur.

Bundan başqa, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən şəxs sağlığında orqan donorluğu ilə bağlı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirmədikdə, ölümündən sonra arvadının (ərinin), onlar olmadıqda yetkinlik yaşına çatmış övladlarının və ya valideynlərinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.

Göründüyü kimi, həm “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda, həm də “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunda qohumlar arasında ilkin sıralama ər (arvad), uşaqlar (övladlığa götürülənlər), valideynlər (övladlığa götürənlər), bacılar və qardaşlar şəklində göstərilmişdir.

Hesab edirik ki, mübahisə halında ilkin olaraq bu sıralamanı əsas kimi götürmək olar. Eyni zamanda bir çox ölkələrin təcrübəsin də sıralama bu şəkildədir.

Bu hallarda üstünlük hüququna məxsus olan şəxs dərhal öz iradəsini bəyan etməsə, dəfn üçün meyit üzərində səlahiyyət növbəti qohuma keçir. Çünki meyit potensial təhlükəlidir və mümkün qədər tez dəfn edilməlidir.

Məhkəmənin digər qərarına görə, mərhum dəfn üçün xüsusi yer müəyyən edibsə, ilk növbədə həmin yerə baxılmalıdır. Ancaq belə bir iradə bəyanı olmadıqda, mərhumun həyat yoldaşı dəfn yerini seçmək hüququna malikdir. Həyat yoldaşı ilə yaxın qohumları arasında hər hansı mübahisə yaranarsa, bu zaman həyat yoldaşının seçimi üstünlük təşkil edir və həyat yoldaşı dəfn yerini və dəfnin formasını seçir.

Azərbaycan Respublikası qanunvericiliyində də post-mortal qeyri-əmlak xarakterli şəxsi hüquqlar qorunurmu?

Azərbaycan Respublikası qanunvericiliyində də post-mortal şəxsi qeyri-əmlak xarakterli hüquqların qorunub saxlanması prinsipinin formalaşdırdığı normalara rast gəlmək olur.

Misal üçün Mülki Məcəlləyə əsasən marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. (Maddə 23.1)

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanuna əsasən şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina etdikdə, ölümündən sonra onun meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir. (21.1 və 21.3-cü maddələr).

Burada qeyd etmək lazımdır ki, qanun normasında şəxsin sağlığında “yazılı razılıq” ifadə etməsi və ya “yazılı imtina” etməsi vəsiyyətnamə ilə də mümkündür. Çünki şəxs vəsiyyətnamədə meyitindən transplantasiya məqsədilə orqanların götürülməsini qadağan edə bilər. Hesab edirik ki, bu maddi hüquq normasının arxasında “son iradənin pozulmazlığı” prinsipi dayanır.

Eyni qaydada Azərbaycan Respublikası qanunvericiliyində şəxsin ölümə bağlı sərəncam əqdi ilə (vəsiyyətnamə) dəfn mərasi, dəfn yeri və ya dəfn forması barədə qərar verməsi qadağan edilmir. Bu cür tələblər post-mortal qeyri-əmlak xarakterli şəxsi hüquqların qorunub saxlanması prinsipinin mühafizəsi altındadır.

Həmçinin Qanunvericiliyimizdə kremasiyanın qadağan edilmədiyini, əksinə təsbit edildiyinin şahidi olduq. Lakin, kremasiyanın icrası krematorilərin olmamasından dolayı mümkün olmayacaqdır.

İnsan meyitinin müqəddaratı xüsusi hüquq (jus privatum) münasibətidiri yoxsa publik hüquq (jus publicum) münasibəti?

İnsan meyitinin müqəddaratının xüsusi hüquq (jus privatum) münasibəti deyil, publik hüquq (jus publicum) münasibətinə aid olması ilə bağlı onu qeyd edirəm ki, dövlət ictimai münasibətlərin bütün sahələrinə tənzimləmə gətirir. Səbəb? Cavab: ZƏRURƏT.

Dəfn növü ilə bağlı cəmiyyətin əxlaq, din və.s prinsipləri var və dövlət bu sahədə tənzimləmə apararkən bu prinsipləri rəhbər tutur. Misal üçün islam qaydalarına əsasən meyit torpağa basdırılmalıdır. Dövlət bu qaydaya uyğun olaraq, qəbiristanlıqlar təşkil edir.

Və ya təsəvvür edək ki, meyitinin kremasiya olunmasını bəyan edən şəxsin vərəsələri meyiti aparıb boş bir ərazidə yandırır. Təbii ki, bu hal neqativ haldır və dövlətin müdaxilə edərək bu sahədə tənzimləmə gətirməsi zərurətdir. Çünki növbəti dəfələrdə bu kimi halların sayı çoxala, hər kəs istədiyi yerdə meyit yandıra bilər. Dövlətin bu məsələdə müdaxiləsi və tənzimləməsi belə ifadə olunur ki, “tamam, kim meyitini kremasiya etdirmək istəyirsə, bunun üçün krematorilər yaradılır, aparıb orada yandıra bilər”.

Fikrimizi fərqli pəncərədən əsaslandırmaq üçün sadə misal göstərək. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanuna əsasən “orqan donorluğunun təbliği məqsədilə” reklam nümayiş etdirilə bilər, lakin “donor orqanların alqı-satqısı” ilə bağlı reklam qadağandır. Çünki orqan donorluğunun təbliği ictimai münasibətlərə fayda verir. Misal: ilik çatışmazlığından əziyyət çəkən insan ölməkdən xilas olur.

İkinci halda isə, yəni donor orqanların alqı-satqısı cəmiyyətdə mənfi hallara yol aça bilər. Çətinliyə düşən insan elan verəcək ki, “böyrəyimi satıram”. Bir anlıq təsəvvür edin ki, belə bir cəmiyyətdə yaşayırsız.

Bax elə bu cür mənfi halların və mənfi təsəvvürlərin olmaması üçün dövlət bu sahədə tənzimləmələr gətirir.

Göründüyü kimi, insan orqanı, meyiti ilə bağlı dövlət ancaq neqativ halları sezdikdə müdaxilə edir. Ona görə də, hesab edirəm ki, dövlətin bu sahədə yeganə işi neqativ hal gördükdə müdaxilədir. Qalan bütün hallarda kənardan izləməklə, “insanın sağ ikən öldükdən sonra öz müqəddəratını təyin etmək iradəsi sağ qalanların və dövlətin iradəsində üstün olması” prinsipinə hörmətlə yanaşmalıdır.

Hesab edirəm ki, insan meyitinin müqəddaratı xüsusi hüquq münasibətidir həm də ona görə ki, fikir verin, mən yuxarıdakı cümlədə nə yazmışam, “hörmətlə yanaşmalıdır”. Publik hüquq münasibətində dövlətlə vətəndaş arasında “hörmət” yox, “sanksiya” dayanır. Məsələn, vergi borcunu ödəməyən sahibkara dövlət “sənə hörmətlə yanaşıram” demir. Əksinə sanksiya tətbiq edir. Yol polisi sürücülük kəmərindən istifadə etməyən şəxsi saxladıqda, “get sənə hörmət edirəm” demir, “40 manat cərimə yazıram” deyir.

Nəticə:

1. Ümumiyyətlə, qeyri-əmlak xarakterli şəxsi hüquqlarla bağlı ölümə bağlı sərəncam əqdlərinin icra olunmaması nəticəsində qanunvericiliyimizdə, habelə digər ölkələrin təcrübəsində sanksiya nəzərdə tutulmur. Belə sərəncam əqdlərinin icra edilməsinin məcburiliyi mənəvi dəyərlərlə, ölənin son iradəsinə hörmətlə mümkün olur.

2. Mərhumun meyitinin ölümdən sonra hüquq vasitəsilə ilə qanuni mühafizəyə götürülməsi onun hansısa metafizik və ya dini ölçülərdə diri kimi qəbul edilərək şəxsiyyətə malik olması demək deyil.

3. Ölülərin sağ ikən bəyan edilmiş iradələri onların ölümündən sonra yerinə yetirilərsə, cəmiyyətin mənəvi mövqeyi yüksələ bilər, çünki belə iradəyə əməl etmək ölülərin ləyaqətinə hörmətdən xəbər verir. Ölülərin sağ ikən bəyan edilmiş iradələrinin ölümdən sonra yerinə yetirildiyini görən sağ insanlar ölümdən sonra onların da iradə və arzularına hörmət ediləcəyində əminlik tapa bilər.

Vüsal Cəfərov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər