- 24 Aprel 16:47
Bəzi hallarda vətəndaşlar dövlət orqanına şikayət etdikdə müəyyən səbəblərdən kimliyi gizlətməyə çalışır. Bəs buna qanunvericilikdə yol verilirmi?
E-huquq.az xəbər verir ki, anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.
Bəs ümumiyyətlə, müraciətə hansı müddət ərzində baxılmalıdır?
Qanunvericilikdə göstərilən müəyyən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Müraciətə baxılması müddəti ən çox nə qədər uzadıla bilər?
Qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya sorğu göndərilməsi tələb edildikdə müraciətə baxan şəxsin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır.
Hərbi qulluqçular kollektiv qaydada müraciət edə bilərlər? Hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə hansı müddətdə baxılır?
Xeyr. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə görə hərbi qulluqçular müraciət etmək hüququndan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
Hansı halda müraciətlərə dərhal baxılır?
Əgər müraciətdə qeyd olunan məsələ ilə bağlı məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.
Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciətlərə hansı formada baxılır?
Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır.
Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası ümumi qaydada həyata keçirilir.