- 27 Mart 09:23
Bəzi valideynlər övladlarına qoyduqları adı sonradan dəyişmək istəyirlər. Bəs buna icazə varmı? Bunun üçün hara müraciət etmək lazımdır?
E-huquq.az-ın məlumatına görə, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir.
Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1.Azyaşlının valideynləri tərəfindən müvafiq icra hakimiyyətinin başçısının adına ərizə;
2. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
3. Azyaşlının valideynlərinin nikah haqqında şəhadətnaməsinin surəti (boşanma varsa nikahın ləğv edilməsi haqqında, valideynlərdən biri vəfat edibsə ölüm haqqında şəhadətnamənin surəti)
4. Azyaşlının valideynlərinin şəxsiyyət vəsiqələrinin surəti;
5. Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə);
6. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi.
Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa uşağın soyadının dəyişdirilməsi necə həyata keçirilir?
Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir.