Məhkumluk həyatı yaşamış şəxsi işə götürməyən müəssisə rəhbərliyi hər hansı məsuliyyət daşıyırmı?

Məhkumluq həyatı yaşamış şəxslər azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiya ilə bağlı bir sıra problemlərlə üzləşirlər


  • 16 Yanvar 2020 15:31

Məhkumluq həyatı yaşamış şəxslər azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiya ilə bağlı bir sıra problemlərlə üzləşirlər. Onların işlə təmin olunması da başlıca problemlərdən biri hesab oluna bilər. Xüsusilə özəl müəssisələr həmin şəxsləri işə götürməkdən imtina edirlər. Bəs qanunvericilikdə həmin şəxslərin işlə təmin olunması məsələsi necə tənzimlənir? Əvvəllər məhkumluq həyatı yaşamış şəxsləri sırf bu səbəbdən işə götürməyən müəssisə rəhbərliyi hər hansı məsuliyyət daşıyırmı?

Vəkil Anar Qasımlı mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında bildirib ki, sözügedən şəxslər bu məsələdə digər vətəndaşlarla bərabər hüquqa malikdirlər.

“Cəzaların İcrası Məcəlləsinin 177-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin əmək və sosial şəraitinin qanunvericiliyə uyğun şəkildə təmin olunmaq hüququ vardır. Yəni, onlar digər vətəndaşlar kimi məşğulluq xidmətində işaxtaran kimi qeydiyyata alına bilərlər. Eyni zamanda onlar işsizliyə görə qanunvericiklə müəyyən olunmuş qaydada müavinət almaq hüququna malikdirlər”, - deyə vəkil qeyd edib.

A.Qasımlı işəgötürənlərin həmin şəxslərlə çalışmaqda maraqlı olmamasını anlaşılan hesab edir: “Özəl müəssisələr, eləcə də dövlət müəssisələri işə götürərkən işçiləri seçməkdə sərbəstdirlər. Bazar iqtisadiyyatı dövründə, xüsusilə özəl sektorda əmək müqavilələrinin bağlanması könüllü şəkildə olur, heç kimi əmək müqaviləsi bağlamağa məcbur etmək olmaz. Tutaq ki, mən sahibkaram və bir iş elanı vermişəm. İşəgötürən kimi müəyyən vakansiya üçün müraciət edənlərdən daha yaxşısını qiymətləndirib seçmək hüququna malikəm. Bu zaman işçinin kimliyi ilə maraqlanıram. Onun əvvələr məhkumluq həyatı yaşadığı, müəyyən bir kriminal şəxsiyyətə sahib olması üzə çıxdıqda bu, işəgötürəndə narahatlıq yaradır. Çünki hər kəs istəyər ki, müəssisəsində sağlam insanlar, daha yaxşı işçilər çalışsın. Belə olan halda, təbii ki, mən şəxsin əvvələr məhkum olmasını deyil, başqa bir səbəbi əsas gətirərək onu işə qəbul etmirəm. Çünki məhkumluğunu birbaşa səbəb kimi göstərmək həm qeyri-qanunidir, həm də qeyri-etik hesab olunur. Ümumiyyətlə, cinayət törədən şəxslər bilməlidirlər ki, onlar cinayət törətməklə təkcə azadlıqlarının hansısa illərini qurban vermirlər. Əksər hallarda bu cinayət ömür boyu onları müşayiət edir və belə məhdudiyyətlər yaradır. Məşhur Azərbaycan kinosu olan “Arxadan vurulan zərbə” filmində deyildiyi kimi “Oğru İmaşa iş verən kimdir?! Onunla işləmək istəyən kimdir?!”.

İş üçün müraciət edərkən rədd cavabı aldıqda şəxsin bununla bağlı şikayət etmək hüququna malik olub-olmamasına gəlincə isə, “İşəgötürənlər əksər hallarda yazılı imtina cavabı vermirlər. Belə olduqda şikayət üçün rəsmi sübut olmur. Lakin yenə də şəxs bu cür problemlə üzləşdiqdə Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər. Ancaq yenə də bilməlidir ki, işəgötürən həmin şəxsin onun tələblərinə cavab vermədiyini bildirəcək və məhkumluq həyatı yaşaması ilə bağlı faktı əsas gətirdiyini etiraf etməyəcək”, - deyə vəkil bildirib.

Oxşar xəbərlər