- 24 Aprel 16:47
Hər il yanvar - mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşları ilkin hərbi qeydiyyata alınır.
Bunu e-huquq.az-a hüquqşünas Rahim Abıyev Azərbaycanda ilkin hərbi qeydiyyata alınma ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, “Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” Qanunla tənzimlənir: “16 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşları yaşayış və olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon, idarə, bölmə, şöbələrinə yaxınlaşaraq ilkin hərbi qeydiyyata alınmalıdırlar”.
Hüquqşünas qeyd edib ki, ilkin qeydiyyata alınarkən həmin vətəndaşlar Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq həkim mütəxəssislər tərəfindən tibbi müayinələrdən keçirilirlər: “Müvəqqəti hərbi xidmətə yararsız hesab edilən şəxslər dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müayinə və müalicəyə göndərilməlidir”.
R.Abıyev bildirib ki¸ ilkin qeydiyyata alınma üçün idarələr, təşkilatlar, təhsil müəssisələri (bunu məktəblərdə ibtidai hərbi hazırlıq müəllimləri edir) hər il sentyabr ayının 1-dək siyahıları SHXÇDX - nin rayon idarə, şöbə, bölmələrinə təqdim etməlidirlər”. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaq məsələsinə gəlincə, hüquqşünas deyib ki, bu, İnzibati Xətalar Məcəlləsinin 604- cü maddəsinə əsasən, məsuliyyət yaradır: “İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlmədikləri halda otuz manat məbləğində cərimə edilir”.
R.Abıyev onu da vurğulayıb ki, ilkin qeydiyyatın aparılması məqsədi ilə “Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” Qanunun 6.3 maddəsində göstərilən qurumların SHXÇDX - nin rayon idarə, şöbə, bölmələrinə vaxtında siyahını verməməsi İnzibati Xətalar Məcəlləsinə (maddə 603, 605) uyğun olaraq məsuliyyət yaradır.