"MTK idarəçilərinə binada özünüidarəetmə modelinin qurulmasının sərf etməməsi bu prosesin dayanmasına səbəb oldu" - Vəkil

Binalar sakinlərin ixtiyarına verildikdən sonra MTK-nın mühüm məsələləri onun nizamnaməsinə əsasən sakinlərin qərarı ilə həll edilməli, mənzillərə mülkiyyət hüququ qeydə alındıqdan sonra isə orada sakinlər tərəfindən idarə edilən qurum yaradılmalı idi


  • 16 İyul 2019 15:59

MƏNZİL TİKİNTİ KOOPERATİVLƏRİNİN MƏNZİL MÜLKIYYƏTÇİLƏRİNİN MÜŞTƏRƏK CƏMİYYƏTİNƏ ÇEVRİLMƏSİ PROSESİNİN HAZIRKİ VƏZİYYƏTİ

Müstəqillik dövründə Bakı şəhərində kooperativlərə və tikinti sahəsində fəaliyyət göstərən sahibkarlara geniş şəraitin yaradılması, həmçinin əhalinin mənzil probleminin həlli məqsədilə yüzlərlə çoxmərtəbəli yaşayış binası tikilərək sakinlərin istifadəsinə verildi. Lakin, binalar sakinlərin ixtiyarına verildikdən sonra MTK-nın mühüm məsələləri onun nizamnaməsinə əsasən sakinlərin qərarı ilə həll edilməli, mənzillərə mülkiyyət hüququ qeydə alındıqdan sonra isə orada sakinlər tərəfindən idarə edilən qurum yaradılmalı idi. Bununla bağlı Mənzil Məcəlləsinin göstərişinə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Bu sahədə sakinlərin məlumatsızlığı və bu məsələ ilə maraqlanmaması, MTK idarəçilərinə binada özünüidarəetmə modelinin qurulmasının sərf etməməsi, səhlənkarlıq və digər nüanslar bu prosesin dayanmasına və aparılmamasına səbəb oldu.

Həmçinin, çox zaman binanın saxlanması və təmiri üçün tələb edilən haqların özbaşına olaraq həddən artıq şişirdilməsi və müəyyən səbəblərlə əlavə ödənişlər alınması (liftin təmiri, su anbarının yuyulması və s.) sakinlərin haqlı narazılığına səbəb olurdu. Bu isə MTK-ların Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi prosesini sürətləndirirdi. Bu sahədə əsaslı dönüş Cənab Prezidentin bir sıra fərmanları ilə oldu. Lakin, cənab Prezidentin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanını bu sahədə tarixi fərman adlandıra bilərik. Belə ki, bu Fərman sakinlərin istifadəsində olan yaşayış binalarının dövlət qeydiyyatına alınması sahəsində illərlə yığılıb qalmış problemlərin birdəfəlik həllinə stimul verdi və Bakı şəhərində yerləşən 400-dək binanın dövlət qeydiyyatına alınması prosesinə başlandı. Proses artıq başlanmışdır və çoxmənzilli yaşayış binaları müvafiq rəydən və istismara icazə verildikdən sonra dövlət qeydiyyatına alınır və istismara qəbul edilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilir. Bundan sonra isə oradakı mənzil sahiblərinə mülkiyyət hüququnu təsdiq edən sənəd (Çıxarış) təqdim edilir. Yaşayış binalarının və oradakı mənzillərin dövlət qeydiyyatına alınmasından bəhs etməyimiz əbəs deyil. Belə ki, göstərilən məqam binalarda MMMC-lərin yaradılması prosesi ilə sıx bağlıdır. Çünki, yalnız mülkiyyət hüququ əmələ gəldikdən sonra binada MMMC qurula bilər.

Fuad Babaşov

Həmçinin, hazırda binaların MTK-lardan təhvil alınaraq orada özünüidarəetmə modelinin, yəni MMC-lərin qurulması prosesi çox ləng gedir. Bunun bəzi səbəbləri barədə yuxarıda məlumat verdim. Prosesin ləngiməsinin digər bir səbəbi isə binaların tam şəkildə istismara qəbul edilməməsidir. Yəni onlar istismara qəbul edildikcə MMC-nin yaradılmasına başlanacaq. Çünki, bayaq qeyd etdiyimiz kimi Mülki Məcəllə və Mənzil Məcəlləsinin tələbinə əsasən yalnız binadakı mənzillərə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra orada MMC qurula bilər. Prosesin ləngiməyinin digər bir səbəbi isə bəzi bələdiyyələrin vəzifəli şəxslərinin bu sahədə tam şəkildə fəaliyyət göstərməməsidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 393-1.2-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yəni, bələdiyyənin vəzifəli şəxsləri bu sahədə məsuliyyət daşıyırlar. Bələdiyyənin vəzifəli şəxslərinin bu səlahiyyəti yerinə yetirməsinə nəzarətin aparılmasının təmini və göstərilən sahədə fəaliyyətin aktivləşdirilməsi məqsədilə dövlət başçısı tərəfindən müvafiq dövlət qurumları müəyyənləşdi. Belə ki, Prezidentin 03 iyul 2019-cu il tarixli fərmanı ilə bu sahədə inzibati xəta ilə bağlı protokol inzibati xətanı aşkar etmiş qurumlar: İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunacaq.

Hazırda mənə edilən bir sıra müraciətlərə və müşahidələrimizə əsasən qeyd edə bilərəm ki, hazırda bəzi çoxmənzilli yaşayış binalarının idarəçiliyi ya MTK-nın özü tərəfindən aparılır, yaxud da bəzilərində fiziki şəxslər (fərdi sahibkarlar) tərəfindən idarə edilir. Fərdi sahibkarla MTK arasında binanın idarə edilməsi və təsərrüfat xərclərinin alınması ilə bağlı hər hansı müqavilə varmi sualına isə cavab verən olmur. Həmin fərdi sahibkarların isə təsərrüfat sahələrinin idarəçiliyində çoxlu sayda nöqsanlar mövcuddur və sözügedən təsərrüfatlarda çalışan işçilərin əmək hüquqlarında pozuntulara yol verilir. Bunun qarşısının alınması üçün MTK-ların ləğvi və orada MMMC-lərin yaradılması və sənədləşmənin qaydaya qoyulması labüddür. HESAB EDİRƏM Kİ, CƏNAB PREZİDENTİN SONUNCU FƏRMANI BİNALARIN MTK-LARDAN TƏHVIL ALINMASI VƏ ORADA MMMC-LƏRIN YARADILMASI PROSESINDƏ İNQİLABİ DÖNÜŞ OLACAQDIR. MƏN MTK ÜZVLƏRİNİ VƏ SAKİNLƏRİ BU İŞDƏ AKTİV OLMAĞA DƏVƏT EDİRƏM.

HÖRMƏTLİ SAKİNLƏR VƏ MTK ÜZVLƏRİ (PAYÇILAR)! BİNALARDA MMMC-LƏRİN YARADILMASI VƏ QEYDİYYATI PROSESİ İLƏ BAĞLI İSTƏNİLƏN VAXT BİZ VƏKİLLƏRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ! BU QANUNUN TƏLƏBİDİR.

Fuad Babaşov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər