MTK-larda mənzil sahiblərindən yığılan aylıq ödənişlərin məbləği necə təyin edilir? – ZİDDİYYƏTLİ MƏQAMLAR

Respublikamızda yeni tikilən tikililərin əksəriyyəti çoxmərtəbəli yaşayış binalarıdır və bu binalar çox az sayda MMC-lər istisna olmaqla əksər hallarda MTK-lar tərəfindən tikilərək sakinlərin istifadəsinə verilir


  • 11 İyul 2019 13:00

Respublikamızda yeni tikilən tikililərin əksəriyyəti çoxmərtəbəli yaşayış binalarıdır və bu binalar çox az sayda MMC-lər istisna olmaqla əksər hallarda MTK-lar tərəfindən tikilərək sakinlərin istifadəsinə verilir. Lakin, istifadəyə verildikdən sonra ən çox narazılıq yaradan məqamlar kommunal haqların yığılması və onun məbləği ilə bağlı olur. Belə ki, sakinlərdən yaşamadıqları, hətta bəzən binanın tikintisi tam başa çatmamış olduğu halda belə əvvəlki dövrlər üçün kommunal haqlar tələb edilir. Sual yaranır ki, nəyə görə vətəndaş yaşamadığı dövr üçün kommunal haqqı verməlidir. Çünki, kommunal haqqının tərkibinə binanın mühafizəsi və təmizlik xidmətində çalışan işçilərin, komendant, bağban və s. əmək haqqları, binanın işıqlanması, liftin istismarı və bəzən təmiri, habelə binanın saxlanması və təmiri üçün tələb olunan haqlar daxildir. Baxmayaraq ki, Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri olan fiziki və hüquqi şəxslər üçün onlara mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranır. Lakin, bəzən vətəndaşlar yaşamadıqları dövr üçün kommunal haqlarını verməkdən imtina edirlər ki, məntiqlə onlara da haqq qazandırmaq olar. Çünki, əgər şəxs öz mənzilindən, binanın qarajından, həyətindən və liftindən istifadə etmirsə nəyə görə kommunal haqq ödəməlidir. Həmçinin, burada kommunal haqqların məbləği barədə də fikir söyləmək çətindir. Çünki, MTK-lar şişirdilmiş rəqəmlər təqdim edirlər və bu məbləğləri heç nə ilə əsaslandırmırlar. Hesab edirəm ki, MTK-nın aylıq kommunal ödənişin məbləğini təyin etməsi və məbləği artırması özbaşına həyata keçirilə bilməz və bu məbləğlər əsaslandırılmalıdır. Qanunvericilikdə bununla bağlı vahid tarif yoxdur.

Vəkil Fuad Babaşov

Fikrimcə, bununla bağlı kooperativdəki pay sahiblərinin, yəni mənzil sahiblərinin (kooperativ üzvlərinin) ümumi yığıncağının qərarı olmalıdır. Çünki, bina MTK üzvlərinin pay haqqına əsasən tikilib istismara verilir. Əgər bina istismara verilibsə və binadakı sakinlərin 50%-dən çoxu yaşadıqları mənzillərə mülkiyyət hüququ əldə edibsə artıq bu zaman MTK ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Belə ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mülki Məcəlləyə əsasən isə Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Sərəncam hüququ mülkiyyət hüququnun tamlığını ifadə edir. Həmçinin, Mülki Məcəllənin 144-1.3-cü maddəsinə əsasən Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. Beləliklə, Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. və Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin hüquqlarından biri də cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etməkdir. Cəmiyyət isə bu hüququ idarəetmə orqanları vasitəsilə həyata keçirir ki, əsas orqan burda mülkiyyətçilərin yığıncağıdır. Məcəllənin 138.4-cü maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı, yəni aylıq kommunal ödənişin haqqı mülkiyyətçilərin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında qərarı mövcud olsa da həmin qərarda rəqəmlər hesab edirik ki, yeni manata uyğunlaşdırılmalıdır və həmçinin qərara əsasən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər və bu halda tarif üzrə yığılan haqlar onlara ödənilir. Beləliklə, bu qərardakı tarifləri də özəlləşdirilmiş və xüsusən mənzil mülkyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə edilən binalara aid edə bilmərik. BELƏLİKLƏ, SON OLARAQ DEMƏLİYİK Kİ, YENİ BİNALARDA AYLIQ KOMMUNAL ÖDƏNİŞ HAQQININ MƏBLƏĞİNİN TƏYİNİ, ONUN ARTIRILIB VƏ AZALDILMASI MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN ÜMUMİ YIĞINCAĞI TƏRƏFİNDƏN MÜƏYYƏN EDİLMƏLİDİR.

Oxşar xəbərlər