- 11 Aprel 21:31
Aprelin 11-də Baş prokuror Kamran Əliyev BMT-nin qanunun aliliyi və təhlükəsizlik məsələləri üzrə Baş katibinin köməkçisi Aleksandr Zuyev ilə görüş keçirib.
E-huquq.az xəbər verir bu barədə Baş Prokurorluqdan bildirilib.
Baş prokuror qonağı salamlayaraq, Azərbaycanla BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı yüksək qiymətləndirib.
Kamran Əliyev 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Bakıda təşkil olunmuş COP29 Konfransının böyük uğurla keçirilməsini və onun mühüm nəticələrini vurğulayıb.
Aleksandr Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunmuş hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksək səviyyəli plenar iclasın uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə həmçinin 2025-ci ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ilə bağlı hazırlıq prosesi müzakirə olunmuş, “Troyka” prinsipi əsasında BƏƏ, Azərbaycan və Braziliya arasında əməkdaşlığın davam etdirilməsi və bu çərçivədə hüquq-mühafizə orqanlarının iştirakını təmin edən növbəti yüksək səviyyəli tədbirin təşkili ilə bağlı məsələlərə toxunulub.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub, o cümlədən Azərbaycanın prokurorluq əməkdaşlarının BMT-nin müxtəlif institutlarında təlim və ezam olunması imkanları da nəzərdən keçirilib.