- 28 Mart 09:53
Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümüdür. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.
Hər bir dövlətin müstəqilliyi, təhlükəsizliyi və sabitliyi üçün xüsusi xidmət orqanları müstəsna və danılmaz rol oynayır. Azərbaycanda bu mühüm sahədə fəaliyyət göstərən qurumlardan biri də Dövlət Təhlükəsizliyi Xidmətidir (DTX).
28 mart tarixi DTX-nin fəaliyyətinin nə qədər əhəmiyyətli və strateji olduğunu bir daha xatırladır. Çünki müasir dövrdə təhlükəsizlik məsələləri yalnız daxili nizam-intizamla deyil, həm də milli təhlükəsizliyin qorunması və müdafiəsi, kəşfiyyat, antiterror əməliyyatları və digər strateji sahələrdə uğurlar əldə edilməsi ilə bağlıdır.
DTX-nin başlıca missiyalarından biri Azərbaycanın daxili təhlükəsizliyini qorumaqdır. Bu, cinayətkarlıqla mübarizədən, dövlətə qarşı hər hansı bir təhdidin qarşısının alınmasından, eləcə də ictimai sabitliyin təmin edilməsindən ibarətdir. DTX müxtəlif sahələrdəki təhlükələrə qarşı zəruri tədbirlər görərək ölkənin təhlükəsizliyinə böyük töhfələr verir. Ölkə daxilində və xaricində baş verən təhlükələri izləyir və bu təhlükələri zamanında aşkar edərək onların qarşısını alır.
DTX terrorizmlə mübarizənin öncüllərindən biridir. Müxtəlif terror təşkilatlarının qarşısını almaq, bu təşkilatların Azərbaycana daxil olmalarının və hər hansı bir hücum həyata keçirmələrinin qarşısını almaq üçün yüksək peşəkarlıqla fəaliyyət göstərirlər.
DTX iqtisadi sahədə də təhlükəsizliyi təmin edir. Dövlətin maliyyə resurslarının qorunması, korrupsiya ilə mübarizə və qeyri-qanuni iqtisadi fəaliyyətlərin qarşısını almaq məqsədilə əməliyyatlar həyata keçirir. Xidmət iqtisadi cinayətkarlıqla mübarizə aparır və dövlətin maliyyə təhlükəsizliyini təmin edir.
Qurumun fəaliyyəti dövlətin təhlükəsizliyini təmin etmək məqsədilə hər cür qanunsuz fəaliyyətin qarşısını almağa yönəlib. Dövlətin təhlükəsizliyinə təhdid yaradan hər hansı bir fəaliyyət aşkar olunduqda DTX dərhal müdaxilə edir və bu təhdidləri zərərsizləşdirir.
DTX digər hüquq-mühafizə orqanları və dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkə daxilində yaranan təhlükəsizlik məsələlərinin effektiv şəkildə həll olunmasını təmin edir.
Heç şübhəsiz ki, Azərbaycanın son illər ərzində əldə etdiyi siyasi və iqtisadi uğurlar bu gün bütün dünyada təqdir olunur. Lakin təəssüf ki, Cənubi Qafqaz regionunda lider dövlət olaraq uğurlarımızı gözü götürməyənlərin sayı heç də az deyil. Bir sıra dövlətlərin ölkəmizə qarşı məkrli və hiyləgər planlarının olduğu da hər kəsə məlumdur. Siyasi cəhətdən belə bir mürəkkəb dövrdə dövlətimizin təhlükəsizliyinin təmin olunmasında, xarici təhdidlərin qarşısının alınmasında, əks-kəşfiyyat tədbirlərində DTX-nin fəaliyyətini xüsusilə qeyd etmək yerinə düşər. Bu gün əminliklə deyə bilərik ki, bu qurumun hər bir əməkdaşı öz vəzifəsini yerinə yetirərkən cəsarət, peşəkarlıq və yüksək vətənpərvərlik nümayiş etdirir. Onların fəaliyyəti çox zaman ictimaiyyət üçün görünməz olsa da, nəticələri ölkənin təhlükəsizliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edir.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var. Müharibənin başa çatmasından və lokal xarakterli antiterror tədbirlərindən sonra da milli təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyətlərini uğurla davam etdirirlər.
Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş və terrorçuluq əməlləri törətmiş qanunsuz erməni silahlı birləşmələrinin rəhbərləri, separatçıların liderləri məhz DTX-nin həyata keçirdiyi tədbirlər nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Ölkəmizin təhülkəsizliyində müstəsna rol oynayan DTX bir qurum olaraq daim ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunub. Quruma aid yeni inzibati binaların istifadəyə verilməsi, əməkdaşların əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkili üçün davamlı olaraq yaradılan yüksək şərait, eləcə də müasir maddi-texniki təminat və təchizat Prezident İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının təzahürüdür.
Başda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev olmaqla Xidmətin bütün əməkdaşlarını peşə bayramı günü münasibətilə ürəkdən təbrik edirəm!
Bu əlamətdar gün ölkəmizin təhlükəsizliyinin təmin olunmasında, dövlət müstəqilliyimizin qorunmasında və ərazi bütövlüyümüzün müdafiəsində DTX-nin əvəzsiz xidmətlərini bir daha xatırladır. DTX əməkdaşlarının peşəkar fəaliyyəti Azərbaycanın təhlükəsizliyinin güclənməsinə və dövlətimizin imicinin beynəlxalq aləmdə möhkəmlənməsinə böyük töhfə verir. Onların fədakarlığı və yüksək peşəkarlığı təqdirəlayiqdir. Vətənə olan sadiqliyi və dövlətimizin təhlükəsizliyinə verdiyi töhfə gələcək nəsillər üçün əvəzsiz örnəkdir.
DTX əməkdaşlarının əməyini yüksək qiymətləndirir, onlara cansağlığı, çətin və şərəfli işlərində yeni-yeni uğurlar və xoşbəxt həyat arzulayıram!
Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru