Kürdəmir rayon prokurorluğunun yeni inzibati binasının açılışı oldu - FOTO


  • 13:36

Fevralın 7-də Kürdəmir rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.

Əvvəlcə Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, dahi insanın unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti təşkil olunub.

Qeyd edilib ki, cəmiyyətdə özünəməxsus yer tutmaqla konstitusion statusa malik prokurorluq orqanları dövlət idarəetməsində mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli”-ndə prokurorluq orqanlarının yeni inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.

Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Tədbir zamanı, həmçinin, Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək, yeni inzibati binanın təhvil verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək onlara uğurlar arzulayıb.

Kürdəmir rayon prokuroru Tural İbrahimov çıxış edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, insan hüquq və azadlıqlarının müdafiəsi naminə rayon prokurorluğunun əməkdaşları ilə birgə yorulmaz fəaliyyət göstərəcəklərini qeyd edib.

Daha sonra iştirakçılar Kürdəmir rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.

Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş xidməti avtomobillərə baxış keçirib.

Sonda xatirə fotoşəkli çəkilib.

Oxşar xəbərlər