- 15:37
19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Bu barədə e-huquq.az-a KTM-dən məlumat verilib.
Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.
***
09.44
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsini araşdırır.
Bu barədə e-huquq.az-a AQTA-dan bildirilib.
Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
***
09:14
Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.