Ağdamda ata, azyaşlı oğlu və qızı minaya düşdü - YENİLƏNDİ


  • 6 Aprel 13:16

Ağdamda minaya düşənlərin sağlıq durumu açıqlanıb.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Qeyd edək k, mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü qız Məmmədova D. və 2014-cü il təvəllüdlü oğlan Məmmədov E. Səbuhi Məmmədovun övladlarıdır.

***

11:14

Aprelin 6-da işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Oxşar xəbərlər