- 18:36
Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində baş verən yol-nəqliyyat qəzasına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb edilib.
Bu barədə e-huquq.az-a FHN-in mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib".
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
22:19
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.
Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 2022-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.
***
Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.