Ucarda zəncirvarı qəza olub, 2 nəfər öldü, 22 nəfər xəsarət aldı - FOTO - YENİLƏNDİ


  • 16 Fevral 13:07

Bu gün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

E-huquq.az-ın xəbərinə görə, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Qeyd edilib ki, hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, ağır xəsarət qeydə alınmayıb: "İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib".

Faktla bağlı araşdırma aparılır.

***

10:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər