- 11:36
Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Yanvarın 31-də saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.