- 12:49 | 17.09.2024
- Hadisə
Bu ilin ötən dövründə ölkədə velosipedçilərin vurulması ilə nəticələnən 15 yol qəzası olub.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat ayıb.
Qeyd olunub ki, bu ilin 8 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 15 yol-nəqliyyat hadisələrində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
"Xüsusilə respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadəyə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması, o cümlədən sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yoluna çıxması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır. Bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırırıq", - Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.