- 16:40
Hollandiyada müsəlmanlar haqqında gizlicə toplanan bütün məlumatlar məhv ediləcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi (AP) Sosial İşlər və Məşğulluq Nazirliyinə (SZW) müsəlman icması üzvlərinin qeyri-qanuni toplanmış şəxsi məlumatlarını iki ay ərzində məhv etmək barədə göstəriş verib.
İdarənin yaydığı məlumatda nazirliyin 2016-2019-cu illər arasında Hollandiyadakı müsəlman icmaları, şəxslər və təşkilatları gizli araşdırmalar yolu ilə izlədiyi və bu məlumatların qeyri-qanuni yollarla toplandığı bildirilib. Araşdırmalar zamanı məlum olub ki, nazirlik özəl araşdırma şirkəti vasitəsilə məscidlərə baş çəkib və müsəlmanlar haqqında məlumatı şəxsiyyətlərini gizlədən məmurlar vasitəsilə toplayıb və ən azı 31 nəfərin xüsusi müayinədən keçdiyi məlum olub.
İdarənin sədri Aleid Wolfsen bildirib ki, bu araşdırmalarda şəxsi məlumatların toplanması qeyri-qanunidir, çünki bunun heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, bu, həm də müsəlman əsilli insanları hədəf alan və ayrı-seçkilik xarakteri daşıyan bir hərəkətdir.
Şəbnəm Mehdizadə