- 00:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələ barədə danışıb.
E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkə başçısı prosesi yaxından izlədiklərini bildirib.
"Vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Hadisələri yaxından izləyirik", - deyə Ərdoğan qeyd edib.
***
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İstanbulda baş verən zəlzələdən sonra bütün qrupların hərəkətə keçdiyini bildirib.
"Zəlzələdən zərər çəkən vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Allah ölkəmizi və millətimizi bəlalardan qorusun", - deyə nazir bildirib.
***
AFAD-dan Fövqəladə Halların İdarə Olunması Agentliyi verilən məlumata görə, zəlzələ saat 12:13-də 3,9, 12:49-da 6,2, 12:51-də 4,4, saat 13:02-də isə 4,5 və 4,9 bal gücündə olub.
E-huquq.az xəbər verir ki, AFAD sosial media hesabında vətəndaşlara müraciət edib:
- Zəlzələdən sonra ərazidəki zədələnmiş binalara heç vaxt girməyin.
- Riskli binaların ətrafında olmaqdan çəkinin.
- SMS və internet əsaslı mesajlaşma proqramı vasitəsilə əlaqə yaradın.
- Rəsmi qurumların çağırışlarına əməl edin.
***
Türkiyənin İstanbul şəhərinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ 6,92 kilometr dərinlikdə baş verib.
Yeraltı təkanlar ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Tekirdağda hiss olunub.
Güclü zəlzələ səbəbindən vətəndaşlar küçələrə axışıb.
Şəbnəm Mehdizadə