- 17:16
ABŞ alimlərinin fikrincə mobil telefonlar və digər yeni texnoloji cihazlar demans təhlükəsini azaldır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Texasda aparılan araşdırmaya görə, qocalıqda rəqəmsal texnologiyalardan aktiv istifadə edən şəxslərdə demans riski əhəmiyyətli dərəcədə azalır.
Tədqiqat zamanı yaşı 50-dən yuxarı olan 411.000-dən çox insanı əhatə edən 57 araşdırma aparılıb.
Bütün tədqiqatlar müxtəlif üsullardan istifadə edilməklə aparılsa da, ümumi nəticələr texnologiyadan istifadənin koqnitiv geriləməni yavaşlatdığını ortaya qoyub.
Statistik təhlillər göstərib ki, texnologiyadan istifadə edən şəxslərdə koqnitiv pozulma riski 58 faiz aşağıdır. Həmçinin müəyyən edilib ki, bu şəxslərdə yaşa bağlı zehni geriləmə 26-34 faiz daha yavaş irəliləyir. Texas Universitetinin neyropsixoloqu Jared Benge texnologiyadan istifadənin yaşlı insanların idrak sağlamlığının qorunmasında mühüm vasitə ola biləcəyini söyləyib. Benqe görə, yeni proqramlar öyrənmək kimi əqli cəhətdən çətin fəaliyyətlər beyin fəaliyyətini artırır. Bundan əlavə, sosial media və video zəng proqramları yaşlı insanlara sosial əlaqələrini qorumağa kömək edir. Bu, demansın inkişafı ilə sıx əlaqəli olan təklik hissini azaldır.
Şəbnəm Mehdizadə