- 1 May 16:32
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda humanitar yardımın paylanmasında bürokratik maneələrlə üzləşməyə davam edir.
E-huquq.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında açıqlama verib.
Humanitar yardımın paylanmasında yaşanan çətinliklərə diqqət çəkən Dujarrik müvafiq personal üçün vizaların alınmasında da problemlərin olduğunu bildirib.
"Humanitar işçilər üçün viza müraciətlərinin yalnız 16 faizi mart ayında təsdiqlənib, bürokratik maneələr davam edir. Vəziyyət belə davam edərsə, həyat qurtaran yardım əməliyyatlarına ciddi şəkildə təsir edə bilər", - deyə BMT sözçüsü bildirib.
Düjarrik bu həftə Sudanda əksəriyyəti Zəmzəm Qaçqınlar Düşərgəsində olmaqla 400 min insanın didərgin düşdüyünü və hazırda sözügedən qaçqın düşərgəsinə girişin tamamilə bağlandığını qeyd edib.
Daha sonra o, münaqişəyə son qoyulması, bütün tərəflərin beynəlxalq humanitar hüquqa riayət etməsi, mülki şəxslərin müdafiəsi və humanitar yardımların maneəsiz əldə edilməsi çağırışını təkrarlayıb.
Humay Eminqızı