- 10:00
Kaliforniya Universitetinin mühəndisləri simsiz idarə oluna və hədəfə doğru istiqamətləndirilə bilən cəmi 1 santimetr ölçüsündə dünyanın ən kiçik uçan robotunu hazırlayıblar.
E-huquq.az xəbər verir ki, arıların hərəkətlərindən ilhamlaraq ərsəyə gətirlən robot havada uça, istiqamətini dəyişə və kiçik hədəfləri vura bilir.
Cəmi 21 milliqram ağırlığında olan bu robot həm də idarə olunan uçuş qabiliyyətinə malik ən kiçik simsiz robotdur.
Robotun uçuş qabiliyyəti onun içindəki iki kiçik maqnitlə təmin edilir. Xarici olaraq tətbiq olunan maqnit sahəsi bu maqnitləri aktivləşdirir və robotun fırlanmasına səbəb olur. Bu fırlanma hərəkəti robotu yerdən qaldırmaq üçün kifayət qədər güc yaradır.
Uçuş istiqaməti və sürəti maqnit sahəsinin gücünü tənzimləməklə idarə oluna bilər. Bu yolla robotu müəyyən edilmiş hədəfə yönəltmək mümkün olur.
Tədqiqata töhfə verən mühəndis Fanpinq Sui bu tip robotların kiçik məkanları araşdırmaq və dar sahələrə daxil olmaq kimi vəzifələr üçün istifadə oluna biləcəyini bildirib.
Tədqiqat qrupu bildirir ki, gələcəkdə robot onun mövqeyini və hərəkətini anında aşkarlaya bilən aktiv idarəetmə sistemləri ilə təchiz oluna bilər.
Hazırda robotun işləməsi üçün güclü elektromaqnit sahəsi tələb olunsa da, ölçüsü 1 millimetrdən aşağı salındıqda daha zəif sahələrlə idarə oluna biləcəyi bildirilir.
Bu, radio dalğaları ilə idarə oluna bilən mikrorobotlara yol aça bilər.
Tədqiqat qrupu qarışqaya bənzər kooperativ robotlar üzərində də işləyir. Bu robotlar zəncirlər yarada və təkbaşına edə bilməyəcəkləri işləri birlikdə yerinə yetirə bilər.
Komanda bu cür robotların tibb sahəsində, xüsusən də minimal invaziv əməliyyatlarda istifadə oluna biləcəyini düşünür.
Şəbnəm Mehdizadə