Avropa Komissiyası Fələstinə maliyyə yardımı edəcək


  • 14 Aprel 16:25

Avropa Komissiyası 2025-2027-ci illər arasında Fələstinə təxminən 1,6 milyard avro məbləğində maliyyə yardımı edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, Fələstinin bərpası və dayanıqlığının artırılması üçün Fələstinə təxminən 1,6 milyard avro dəyərində yardım ediləcək.

2025-2027-ci illəri əhatə edən yardım mülki şəxslər üçün xidmətləri, bərpa prosesini, sabitliyi və özəl sektoru dəstəkləməyi hədəfləyir.

Dövlət idarəçiliyinin təcili ehtiyyaclarının qarşılanması üçün yardımın bir hissəsi - təxminən 620 milyon avroluq yardım Fələstin büdcəsinə birbaşa veriləcək.

Təxminən 576 milyon avro su, enerji və infrastruktur layihələrinə prioritet verilməklə, işğal altındakı İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzzada iqtisadi bərpanı təşviq etmək üçün layihələri dəstəkləmək üçün ayrılacaq.

Fələstinli qaçqınların ehtiyaclarını dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə hər il 82 milyon avro vəsait ayrılacaq.

Avropa İnvestisiya Bankı Fələstində özəl sektora yeni maliyyələşdirmə təmin etmək üçün 400 milyon avroya qədər kredit dəstəyi verəcək.

Bunlardan əlavə, Fələstinin həyata keçirəcəyi islahatların "şəffaf" monitorinqini və Qəzzanın yenidən qurulması və bərpası prosesində beynəlxalq səylərin koordinasiyasını təmin etmək üçün "Fələstin Yardım Platforması" adlı təşəbbüsə start veriləcək.

Humay Eminqızı

Oxşar xəbərlər