- 12 Aprel 20:45
"Yüzlərlə Çin vətəndaşının Rusiya ordusunda Ukraynaya qarşı döyüşdüyü barədə məlumatımız var".
E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən “Ukrayna Müdafiə Əlaqə Qrupunun (Ramşteyn) 27-ci iclası”nın iştirakçılarına videokonfrans vasitəsilə müraciətində danışıb.
Rusiyanın ballistik raketlərlə ölkəsinə hücumlarını davam etdirdiyini deyən Zelenski daha təsirli hava hücumundan müdafiə imkanlarına ehtiyac duyduqlarını söyləyib.
O, "Patriot" hava hücumundan müdafiə sistemlərinin, xüsusilə zəruri olduğunu deyib.
"İndi bizdə ən azı yüzlərlə Çin vətəndaşının Rusiya işğalçı qüvvələrinin tərkibində vuruşduğuna dair məlumat var. Bu, Rusiyanın açıq-aşkar müharibəni davam etdirməyə çalışdığı anlamına gəlir. Hətta Çinin həyatı bahasına olsa belə" - Ukrayna lideri deyib.
Müttəfiqlərini Rusiyaya təzyiqi artırmağa çağıran Zelenski həmçinin bildirib ki, Avropanın müdafiə sənayesinə daha çox investisiya qoyulmalıdır.
Zelenski həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində xarici hərbçilərin sülhməramlı kimi göndərilməsi ilə bağlı tərəfdaş ölkələrlə işləməyə davam etdiklərini bildirib.