Saqqız çeynəməklə viruslardan qorunmaq mümkündürmü?


  • 10 Aprel 17:17

ABŞ və Finlandiya alimlərinin araşdırmalarına görə, xüsusi hazırlanmış saqqız herpes və qrip viruslarını zərərsizləşdirə bilir.

E-huquq.az xəbər verir ki, Herpes simplex virusları, dünyada ən çox yayılmış infeksiyalardan biri olsalar da, bu virusların yayılmasının qarşısını almaq üçün effektiv üsul hələ hazırlanmayıb. Tədqiqatçılar hesab edirlər ki, yeni saqqız virusun yayılmasının qarşısını almaqda mühüm rol oynaya bilər. Belə ki, bu saqqız ağız yolu ilə yayılan viruslara qarşı faydalı tədbir ola bilər.

Sözügedən klinik keyfiyyətli saqqız “Lablab purpureus” adlı lobya növünün toxumlarından əldə edilən lablab lobya tozundan istehsal olunur. Bu bitkinin tərkibində FRIL adlı təbii virus tutucu protein var. Təcrübə zaman saqqızdakı FRIL zülalının 50 faizindən çoxu maye ilə nəmlənmiş saqqız 15 dəqiqə çeynədikdən sonra tüpürcəyə qarışıb. Bu süni tüpürcək nümunələri laboratoriya mühitində yoxlanılarkən məlum olub ki, qrip viruslarının (H1N1 və H3N2) 95 faizindən çoxu, HSV-1 virusunun 75 faizi və HSV-2 virusunun 94 faizi təsirsiz hala düşüb.

Tədqiqatçılar bildirirlər ki, FRIL zülalı virusları zərərsizləşdirir, onların hüceyrələri yoluxdurmaq və çoxaltmaq qabiliyyətini azaldır, beləliklə ağızda virus yükünü və ötürülmə riskini azaldır. Yeni araşdırma, oxşar saqqızların SARS-CoV-2 virusunun ağızdan ötürülməsini 95 faiz azaltdığını göstərən əvvəlki tədqiqatların davamı olaraq həyata keçirilir. COVID-19-a qarşı hazırlanmış bu saqqızlar hələ də klinik sınaq mərhələsindədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər