Dünya okeanları bir vaxtlar yaşıl olub - ARAŞDIRMA


  • 10 Aprel 17:16

Yer səthinin təxminən dörddə üçü su ilə örtülüdür. Buna görə də planetimiz kosmosdan baxanda solğun mavi nöqtə kimi təsvir olunur. Lakin tədqiqatçıların fikrincə, milyardlarla il əvvəl mənzərə tamamilə fərqli idi.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalara görə, bu fərqliliyin əsası okeanların kimyəvi quruluşu və fotosintezin təkamülü ilə bağlıdır. Milyarlarla il əvvəl Yer atmosferində oksigen yox olmayıb, həyat yalnız okeanlardakı təkhüceyrəli orqanizmlərdən ibarət olub.

Yağışla torpaqdan daşınan dəmir çaylar vasitəsilə okeanlara çatırmış. Bundan əlavə, dəniz dibindəki vulkanik fəaliyyətlər də okeanlara böyük miqdarda dəmir verib. Bu proses okeanların rənginin formalaşmasında əsas rol oynayıb.

Tədqiqatçılar Yaponiya sahillərində yerləşən İvo Jima vulkanik adası ətrafındakı suların yaşılımtıl rənglərə malik olduğunu müəyyən ediblər. Bu rəng dəmirin oksidləşmiş formalarından biri olan Fe(III)-ə aiddir.

Tədqiqatçılar qeyd edirlər ki, Arxey dövründə (təxminən 3,8-2,5 milyard il əvvəl) dənizlərdə oksigen olmadığından okeanlar oksidləşməmiş dəmirlə zəngin idi. Bu, yaşıl su tonlarının üstünlük təşkil etdiyi bir mühit yaratmış ola bilər.

Zamanla fotosintezin inkişafı ilə okeanlarda sərbəst oksigen əmələ gəlməyə başladı. Lakin bu oksigen əvvəlcə dəniz suyundakı dəmirlə birləşdi. Amma bütün dəmir oksidləşdikdən sonra oksigen atmosferdə yığılmağa başladı. Bu proses elm aləmində “Böyük oksidləşmə hadisəsi” kimi tanınır.

Beləliklə, oksigenin artması ilə yaşayış şəraiti dəyişib və kompleks canlılar meydana çıxıb. Eyni zamanda, okeanların rəngi yaşıldan indiki mavi tonlara qədər inkişaf edib.

Araşdırmaya görə, okean rəngindəki dəyişikliklər keçmişdə qalmayıb. Belə ki, kükürdün miqdarı çox olarsa, bənövşəyi okeanlar, dəmir miqdarı çox olarsa, qırmızı okeanlar mümkündür. Buna intensiv vulkanik fəaliyyət və ya qlobal iqlim dəyişikliyi kimi amillər səbəb ola bilər.

Humay Eminqızı

Oxşar xəbərlər