- 16 Mart 23:10
Şimali Makedoniyada gecə klubunda baş verən yanğın nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb.
Yanğının yerli vaxtla saat 03:00-da Koçani şəhərində yerləşən Pulse klubunda başladığı bildirilir. Hadisə yerindən yayılan görüntülərdə binanın alova büründüyü görünür.
Hadisə baş verən zaman klubda təxminən 1500 nəfərin olduğu bildirilir.
Daxili İşlər naziri Pançe Toskovski ilkin araşdırmalara əsasən yanğının pirotexniki qurğulardan çıxan qığılcımlardan başladığını bildirib. Onun sözlərinə görə, qığılcımlar alovlanmaya meyilli materialdan hazırlanmış tavana dəyib və alov qısa zamanda bütün zala yayılıb. O, hadisə ilə bağlı bəzi şəxslərin saxlanıldığını da qeyd edib.
Baş nazir Xristian Miçkoski "Facebook" hesabında hökumətin hadisənin fəsadlarını aradan qaldırmaq və yanğının səbəblərini müəyyən etmək üçün tam səfərbər olduğunu bildirib.
O, bu günü ölkə üçün "çox çətin və kədərli" adlandırıb və faciədə xeyli sayda gəncin həyatını itirdiyini vurğulayıb.
Koçani xəstəxanasına ilkin olaraq 90 yaralı yerləşdirilib. Yaralıların bir çoxu ciddi yanıq xəsarətləri alıb. Bəzi yaralılar daha geniş tibbi yardım üçün paytaxt Skopyedəki xəstəxanalara köçürülüb.