Bolqarıstanda əhalinin sayı 30 faiz azalıb


  • 14:50

Bolqarıstanda əhalinin sayı 30 faiz azalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolqarıstanda 1985-ci ildə 9 milyona çata əhali sayı son 40 ildə aşağı doğum göstəriciləri və artan miqrasiya səbəbindən davamlı olaraq azalaraq 6,4 milyon nəfərə çatıb. Hökumətin bu tendensiyanın qarşısını almaq cəhdləri uğursuz olub.
.
Bolqarıstan Milli Statistika İnstitutunun (NSI) məlumatlarına görə, 1985-ci ildə 8 milyon 948 min olan ölkədəki əhali, ötən müddət ərzində təxminən 30 azalaraq 2023-cü ildə 6 milyon 445 minə enib.

NSI-nin məlumatlarına görə, 2023-cü ildə ölkədə 57 min körpə doğulub, 101 min insan həyatını itirib. Son 25 ildə ölümlərin doğumdan çox olması ölkə əhalisinin azalmasında ən təsirli faktor kimi qarşıya çıxıb.

Bundan əlavə, Bolqarıstandan başqa ölkələrə miqrasiya ölkənin 2007-ci ilin əvvəlində Avropa İttifaqına üzvlüyündən sonra sürətlənib və son illərdə əhalinin azalmasına səbəb olub.

Bolqarıstan əhali itkisini azaltmaq və geri qaytarmaq üçün bir çox tədbirlər görsə də, istədiyi nəticəni əldə edə bilməyib.

Bu kontekstdə 2012-ci ildə hökumət tərəfindən 2012-2030-cu illəri əhatə edən “Əhalinin Demoqrafik İnkişafı üzrə Yenilənmiş Milli Strategiya” qəbul edilib.

2019-cu ildə isə 55 və yuxarı yaşda olan şəxslərin aktiv sosial həyata cəlb edilməsini hədəfləyən strategiya qəbul edilib.

Son illərdə hökumət əhalinin azaldığı kənd ərazilərinə daha çox vəsait ayırmaqla sənayeləşmə və mənzil siyasətini təkmilləşdirməyi və miqrantların geri qayıtmasını təşviq etməyi qarşısına məqsəd qoyub.

Bolqarıstanda 1960-cı illərdən bəri ailələr və uşaqlar üçün dövlət dəstəyi sistemi mövcuddur, lakin bu proqrama ayrılan vəsait digər Aİ ölkələri ilə müqayisədə kifayət deyil.

Bolqarıstan Elmlər Akademiyasının professoru Nadejda İliyeva ölkə əhalisinin azalmasının səbəbləri və buna qarşı görülə biləcək tədbirlər barədə danışıb.

O, son 10 ildə hər il orta hesabla 84 min nəfər azalan Bolqarıstan əhalisinin 2050-ci ildə 5 milyondan aşağı düşəcəyinin proqnozlaşdırıldığını bildirib.

Əhalinin azalmasının doğum nisbətlərinin ölüm nisbətindən aşağı olması ilə bağlı olduğunu deyən İliyeva, təkcə Bolqarıstanda deyil, bütün inkişaf etmiş ölkələrdə aşağı doğum nisbətlərinin müşahidə edildiyini bildirib.

İlieva, hökumətin doğum səviyyəsini artırmaq üçün müxtəlif tədbirlər gördüyünü, lakin əhalinin artımını təmin etmək üçün Avropada həyata keçirilən bütün siyasətlərin, ümumiyyətlə, böyük nəticələr vermədiyini qeyd edib.

Avropa ölkələrində əhali artımının digər bölgələrdən gələn miqrantların cəlb edilməsi ilə əldə edildiyini ifadə edən İliyeva, “İnsanlar həmişə daha yaxşı maliyyə və sosial təminat ala biləcəkləri yerlərə köçürlər” - deyib.

İliyeva ölkədən xaricə miqrasiyanın daxilə miqrasiyadan daha çox olduğunu bildirib: “1989-cu ildən sonra siyasi və iqtisadi səbəblərdən böyük bir köç dalğası başladı. 1989-1992-ci illərdə 467 min adam Bolqarıstanı tərk etdi. Bu rəqəm 1993-2000-ci illərdə 231 min nəfərə, 2001-2010-cu illərdə 219 m in nəfərə, 2010-2020-cu illərdə isə 300 nəfərə çatdı. Yəni, 1989-2021-ci illər arasında təxminən 1 milyon 200 min insan Bolqarıstandan mühacirət edib”.

O, digər tərəfdən son illərdə ölkəyə məskunlaşanların sayında artım olduğunu və bunun xaricdə yaşayan bolqarların və Türkiyədən gələn bolqar əsilli türklərin ölkəyə qayıtması ilə bağlı olduğunu deyib. Xüsusilə türklərin sıx yaşadığı Kırcaali bölgəsində urbanizasiyanın artdığını qeyd edib.

Əhali sıxlığının Bolqarıstanın şimal-qərb bölgəsində ən aşağı olduğuna diqqət çəkən İliyeva, son illərdə Qərbi Rodop bölgəsində də ciddi azalmanın müşahidə edildiyini bildirib.

İliyeva əlavə edib ki, paytaxt Sofiya və böyük şəhərlər olan Plovdiv, Varna, Burqas, Ruse və Stara Zaqorada əhali artımı davam edir və bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər