Bir öpüşlə görmə qabiliyyətini itirdi


  • 13:25

İki yaşlı Juvan tanışının onu öpməsindən sonra herpes virusuna yoluxub və bu infeksiya onun sol gözünü itirməsinə səbəb olub.

E-huquq.az xarici mənbəyə istinadən xəbər verir ki, Juvanın gözündə qalan toxumanı qorumaq üçün həkimlər onun sol göz qapağını tikməli olublar. Onun ailəsi oxşar vəziyyətin baş verməməsi üçün digər valideynləri də diqqətli olmağa çağırıb.

Juvanın anası Mişel Saaiman deyir ki, onun kiçik oğlu keçən ilin avqust ayında göz infeksiyası əlamətləri göstərməyə başlayıb. Ailə əvvəlcə oftalmoloqa müraciət edib və Juvana antibiotik müalicəsi tətbiq olunub. Ancaq iki gün sonra anası vəziyyətin daha ciddi olduğunu anlayıb.

Həkimlərin apardığı analizlər nəticəsində Juvanda herpes virusu aşkar edilib. Valideynlərində virus olmadığı üçün həkimlər balaca oğlanın başqası tərəfindən yoluxduğunu düşünüblər.

Azyşalının anası həkimin sözlərini təsdiqləyib.

“Bu virus çox güman ki, aktiv herpes xəstəsi olan birisi körpəmizi gözlərinin ətrafında və ya əlindən öpərkən ötürülüb”, - deyə o bildirib.

Ailə ümid edir ki, sinir transplantasiyası əməliyyatı uğurlu alınarsa, gələcəkdə buynuz qişanın transplantasiyası həyata keçirilə bilər.

Qeyd edək ki, soyuqdəymələrə səbəb olan herpes simplex virusu böyüklər üçün ümumiyyətlə zərərsizdir və tez-tez öz-özünə təmizlənir. Lakin immun sistemi hələ tam formalaşmamış körpələr üçün böyük təhlükə yaradır. Müalicə edilməzsə, virus həyati orqanlara yayıla və nevroloji zədələnməyə və hətta ölümə səbəb ola bilər.

Həkimlər vurğulayırlar ki, herpes xəstəsi olan böyüklər körpələri öpməməli, gigiyena qaydalarına diqqət yetirməlidirlər.

İngiltərənin Milli Səhiyyə Xidmətləri bildirir ki, valideynlər körpələrində hər hansı infeksiya əlaməti görsələr, tez hərəkətə keçməlidirlər. Zəiflik, qidalanma problemləri, yüksək hərarət, tənəffüs çətinliyi kimi əlamətlər müşahidə olunarsa, dərhal səhiyyə müəssisəsinə müraciət etmək tövsiyə olunur.

Humay Eminqızı

Oxşar xəbərlər