- 13 Mart 22:48
İtaliyanın Neapol şəhəri yaxınlığında, zəlzələ riski yüksək olan vulkanik Kampi Fleqrei bölgəsində gecə saatlarında baş verən 4,4 bal gücündə təkan yerli əhalinin narahatlığına səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) paylaşdığı məlumata görə, yerli vaxtla saat 01:25-də episentrləri Baqnoli və Pozzuoli olan 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Mətbuatda yayılan məlumatlara görə, Neapol kimi ətraf əyalətlərdə də hiss edilən zəlzələ son illərdə Kampi Fleqreidə qeydə alınan ən güclü təkan olub.
Zəlzələ ilə əlaqədar çox sayda insan gecəni küçələrdə keçirib.
Baqnolidə yeraltı təkanlar səbəbindən bəzi avtomobillər zərər görüb, qapıların kilidlənməsinə görə insanlar çölə çıxmalı olub.
Başda Pozzuoli və Baqnoli olmaqla Neapolun bəzi rayonlarında ibtidai və orta məktəblərdə tədris prosesinə 1 günlük fasilə verilib.
Yerli hakimiyyət orqanlarının binalara dəyən zərərin qiymətləndirilməsi işini davam etdirdiyi, bəzi kilsə və binalara cüzi ziyan dəydiyi bildirilib.
Baş nazir Corca Meloninin baş verənləri yaxından izlədiyi qeyd olunub.
Qeyd edək ki, Hhkümət yüksək riskli bölgə olan Kampi Fleqrei üçün 2023-cü ildə kütləvi evakuasiyaya dair fövqəladə vəziyyət planlarını yeniləmişdi.
Şəbnəm Mehdizadə