- 13 Mart 22:48
Misir İsrail və HƏMAS-ın Qəzza zolağında 60 günlük atəşkəs elan etməsi ilə bağlı təkliflər hazırlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.
Təkliflər qalan israilli girovların azad edilməsi və müharibəni dayandırmaq üçün danışıqlara başlanmasını əhatə edir.
Misirin təkliflərinə əsasən, yeni mərhələ Fələstin anklavında saxlanılan 5 ABŞ vətəndaşının hamısı və ya bəziləri də daxil olmaqla 10 girovun azad edilməsi ilə başlayacaq. Hər mərhələdə İsrail müəyyən sayda fələstinli məhbusu azad edəcək. Onların sərbəst buraxılması mərhələli olmalıdır.
Nəşr eyni zamanda qeyd edib ki, birinci dalğaya Fələstin qruplarının yüksək rütbəli nümayəndələri daxil ola bilər. Həmçinin İsrailin Qəzza zolağına humanitar yardım, yanacaq və ilkin tələbat mallarının tədarükünə qoyduğu qadağanın aradan qaldırılması da təklif edilir.
Bundan əlavə, danışıqlar uğurlu olarsa, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması və daimi atəşkəsin yaradılması ilə bağlı müzakirələr başlaya bilər.
HƏMAS-ın təşəbbüsə ilkin reaksiyası “ümidverici” olub, lakin İsrail hakimiyyəti hələ də təklifləri nəzərdən keçirir.
Humay Eminqızı