- 12:38
Martın 11-nə keçən gecə Ukraynanın PUA-ları, Xüsusi Əməliyyat Qüvvələri (XƏQ), Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) digər bölmələrlə birlikdə Rusiyanın strateji obyektlərinə zərbələr endirib. Hücumlar əsasən istehsal gücləri və infrastruktur obyektlərinə yönəlib.
Bu barədə e-huquq.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.
Baş Qərargahın məlumatına görə, zərbələr əsasən illik 11 milyon ton neft emal etmək gücünə malik, Moskvanın dizel və benzin tələbatının 40-50 faizini təmin edən Neft Emalı Zavoduna endirilib.
Bundan əlavə, Orlov vilayətindəki "Stalnoy Kon" xətti-istehsalat dispetçer stansiyası ərazisində də partlayışlar qeydə alınıb. Bu stansiya "Drujba" neft kəmərinin texnoloji proseslərinin idarə olunmasını təmin edir və Leninqrad vilayətindəki "Ust-Luqa" dəniz limanı terminalına neft tədarükü prosesində mühüm rol oynayır.
Açıq mənbələrdən əldə edilən məlumatlara görə, Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin fəaliyyəti nəticəsində bir sıra mülki infrastruktur obyektləri zərər çəkib.
"Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı hücumunun təminatında iştirak edən strateji obyektlər barədə ətraflı məlumata malikdir, beynəlxalq humanitar hüquq normalarına riayət edir və mülki əhalinin maksimum təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür", - deyə Baş Qərargahdan bildirilib.