Bir gecəlik yuxusuzluq immunitet sistemini poza bilər - Alimlərdən XƏBƏRDARLIQ


  • 12:31

Alimlər yuxu rejiminin immunitet sisteminə təsirlərini ilə bağlı yeni araşdırma aparıb.

E-huquq.az xəbər verir ki, sözügedən araşdırma “The Journal of Immunology”də dərc olunub.

Araşdırma zamanı gənc və sağlam fərdlərin 24 saatlıq yuxusuzluq nəticəsində immun hüceyrələrində əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Belə ki, hətta bir gecə yuxusuzluğun belə bədəndə iltihabı artıraraq xəstəliklərə qarşı müqaviməti azalda biləcəyi qeyd olunub.

Alimlər immunitet sisteminin yuxu rejiminə son dərəcə həssas olduğunu və hətta qısa müddətli yuxusuzluğun da iltihaba səbəb ola biləcəyini bildirirlər.

Yuxusuzluq uzun müddətdə davam edərsə, diabet, ürək xəstəlikləri və piylənmə kimi xroniki xəstəliklər riskinin arta biləcəyi vurğulanır.

Araşdırma zamanı 237 sağlam yetkin insanın yuxu rejimi və immun hüceyrə profilləri araşdırılıb. Bu zaman artıq çəkidən əziyyət çəkən insanların yuxu keyfiyyətinin daha aşağı olduğu və bədənlərində iltihabın daha yüksək olduğu müəyyən edilib.

Tədqiqata rəhbərlik edən Dr. Fatema Al-Rashed, insanlar arasında yuxu rejiminin getdikcə daha çox pozulduğunu söyləyib.

"Texnologiyanın inkişafı, ekran vaxtının artması və sosial vərdişlərin dəyişməsi nizamlı yuxu saatlarına getdikcə daha çox təsir edir. Yuxu rejimindəki bu pozğunluqlar immunitet sistemimiz və ümumi sağlamlığımız üçün ciddi nəticələrə səbəb ola bilər", - deyə əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər