- 00:04
Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın Hizbullah Hərəkatını ittiham edib.
E-huquq.az xəbər verir ki, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında Hizbullahın dayandığını bəyan edib.
Qeyd edilib ki, Hizbullah və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Bəşər Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda Bəşər Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.
Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hüms əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verib. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.
Ümumilikdə martın 6-dan indiyə qədər baş verən toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.