- 17:18
Çin Elmlər Akademiyasının tədqiqat qrupu Çinin cənub-şərqindəki Fujian əyalətində Yura dövrünə aid iki quş fosili aşkar edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 149 milyon il əvvələ aid olan bu fosillər quşların erkən təkamülünə işıq salır və quş müxtəlifliyinin Yura dövrünün sonunda başladığını sübut edən ən güclü tapıntılardandır.
Tədqiqatçılar aşkar edilən iki fosildən birinin adını “Baminornis zhenghensis” qoyublar. Bu fosil qabaqcıl ornitotorasina xüsusiyyətlərinə (müasir quşlara bənzər çiyin və omba sümükləri) və həmçinin ibtidai dinozavr kimi əl quruluşuna malik olması ilə diqqət çəkir. Bu xüsusiyyətlər erkən quş təkamülündə mozaika təkamülünün rolunu vurğulayır.
“Baminornis zhenghensis”in qısa quyruğunun ucunda müasir quşlarda da rast gəlinən “pygostyle” adlanan mürəkkəb sümük quruluşu var. Bu quruluş quşlarda qısa quyruğunü təkamülünü təxminən 20 milyon il geriyə aparan ən qədim hissə hesab olunur.
Quşları quruda yaşayan onurğalılar arasında ən çox növə malik qrupdur. Makrotəkamül tədqiqatları göstərir ki, quşların ən erkən şaxələnməsi Yura dövründə, təxminən 145 milyon il əvvəl başlayıb.
Ancaq bu dövrə aid quş fosilləri olduqca məhduddur və çox vaxt natamam qeydlərlə doludur. İndiyə qədər qəbul edilən yeganə Yura quş növü Arxeopteriks idi.
Arxeopteriks uzun, tüklü qanadlara sahib olsa da, uzun və sürünənlərə bənzər quyruğu ilə dinozavrlara bənzəyirdi.
Son tədqiqatlar göstərdi ki, Arxeopteriks birbaşa quşlarla əlaqəli olmaya bilər və dinozavrların alt qrupu olan "Deinonychosauria"ya aid ola bilər. Bu, Yura dövründə quşlara aid olan başqa fosillərin olub-olmadığı sualını gündəmə gətirdi.
Tədqiqatçılar tərəfindən aşkar edilən ikinci fosil yalnız furkuladan (köprücük sümüyünün birləşməsindən) ibarətdir. Həndəsi morfometriya və filogenetik analizlər göstərir ki, bu furkula Ornithuromorpha qrupuna aid ola bilər.
Ornithuromorpha, Təbaşir dövrünə aid müxtəlif quşları əhatə edən bir qrupdur. Ancaq fosilin zəif qorunmasına görə yeni bir növ olaraq adlandırılmayıb və quşlarla əlaqəsini təsdiqləmək üçün daha çox fosil tapıntılarına ehtiyac var.
Tədqiqatın nəticələri elm aləminə böyük təsir göstərib və quşların təkamül prosesini başa düşmək yolunda mühüm addım hesab olunur.
Araşdırma "Nature" jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə