- 15:51
2050-ci ilə qədər dünyada böyüklərin yarısından çoxu və uşaqların üçdə biri piylənmə və ya artıq çəkidən əziyyət çəkəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Lancet jurnalında dərc olunub. Araşdırmaya görə, piylənmə həm də erkən ölüm riskini də artırır. Tədqiqatda qeyd olunub ki, son 30 ildə qlobal piylənmə böhranına qarşı qeyri-adekvat tədbirlərin görülməsi xəstəlikdən əziyyət çəkənlərin sayını əhəmiyyətlidərəcədə artırıb. Hazırda 25 yaşdan yuxarı olan 2,11 milyard insan, piylənmədən əziyyət çəkir. Həmçinin 493 milyon uşaq və gənc də (5-24 yaş arası) artıq çəkiyə sahibdir. Bu rəqəmlər 1990-cı ildə müvafiq olaraq 731 milyon və 198 milyon idi.
2050-ci ilə qədər 25 və daha yuxarı yaşda olan şəxslərin 50 faizindən çoxunun (3,8 milyard nəfər) və uşaqların üçdə birinin (746 milyon) artıq çəkidən əziyyət çəkəcəyi gözlənilir. Xüsusilə uşaq və gənclərdə piylənmə nisbətinin 121 faiz artacağı təxmin edilir. 2050-ci ilə qədər 360 milyon uşağın kökəlmə riski ilə üzləşəcəyi proqnozlaşdırılır. Tədqiqatçılar bildirirlər ki, bu gün uşaqlar əvvəlki nəsillərə nisbətən daha tez kökəlirlər və piylənmə daha erkən yaşlarda başlayır. Bu isə öz növbəsində diabet, yüksək qan təzyiqi, ürək xəstəliyi və xərçəng riskini artırır.
Kopenhagen Universitetinin alimi Thorkild Sorensen piylənmə böhranı ilə bağlı bütün dünyada ictimai səhiyyə siyasətlərində köklü dəyişikliklər edilməli olduğunu söyləyib.
Şəbnəm Mehdizadə