- 13:08
Alimlər müəyyən ediblər ki, Antarktika qitəsindəki buz təbəqələrinin əriməsi dünyanın ən güclü okean axını olan “Antarktika Dairəvi Qütb Cərəyanının” (ACC) sürətini ləngidir.
E-huquq.az xarici KİV - ə istinadən xəbər verir ki, Avstraliyadakı Melburn Universiteti və Norveç Tədqiqat Mərkəzinin tədqiqatçıları dəyişən temperatur, duzluluq və küləyin təsirini araşdırmaq üçün okean axınları və istilik transferi kimi amillərin okean və dəniz buzu simulyasiyasını təhlil ediblər.
Tədqiqatçılar “GADI” adlı iqlim simulyatorundan istifadə etməklə aparılmış təhlillər nəticəsində Antarktika qitəsindəki buz təbəqələrinin əriməsinini Yerdəki ən güclü okean axını olan ACC-nin sürətini ləngitdiyini müəyyən edib. Onun sürəti 2050-ci ilə qədər təxminən 20 faiz azalacaq.
Okeanın "son dərəcə mürəkkəb və incə bir tarazlığı" var. Tədqiqatçılar buzların əriməsi və okeanın istiləşməsinin okean axınlarına təsirinin əvvəllər düşünüldüyündən qat-qat mürəkkəb olduğunu aşkar ediblər və buzların əriməsinin dəniz səviyyəsinin qalxmasına və okeanların istiləşməsinə səbəb ola biləcəyini qeyd ediblər.
Tədqiqatçılar həmçinin cari sürət azaldıqca müxtəlif canlı növlərinin Antarktika qitəsinə çatma ehtimalının artacağını və bu, dəniz ekosistemlərinin yaşamaq qabiliyyətini və Antarktika pinqvinlərinin qida rasionunda dəyişikliklərin də daxil olmaqla qida şəbəkəsinə bəzi ciddi təsirlərə səbəb ola biləcəyini vurğulayıb.
Araşdırmanın nəticələri "Environmental Research Letters" jurnalında dərc olunub.
Humay Eminqızı