Mars planeti niyə qırmızıdır?


  • 26 Fevral 16:48

Alimlər Mars planetinin qırmızı rəngdə olmasının səbəbləri ilə bağlı yeni araşdırma aparıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yerə yaxınlığı və onlarla kosmik gəminin göndərilməsi sayəsində Günəş sisteminin ən detallı araşdırılan planetlərindən biri hesab olunan Marsın qırmızı rəngdə olmasının səbəbi indiyədək planetin səthini örtən tozun tərkibindəki paslanmış dəmir mineralları ilə əlaqələndirilib.

Lakin "Nature Communications" jurnalında dərc edilən yeni araşdırmada Marsdakı qırmızı rəngin əvvəllər düşünüldüyü kimi hematit deyil, ferrihidrit adlı mineralla əlaqəli ola biləcəyi qeyd olunub.
Yeni araşdırmada elm adamları Avropa Kosmik Agentliyinin (ESA) Mars Express və ExoMars Trace Gas Orbiter missiyalarından istifadə ediblər.

Alimlər Marsdakı toz hissəciklərinin ölçüsünü və tərkibini müəyyən edib. Daha sonra tədqiqatçılar laboratoriya mühitində Mars tozunun nüsxəsini istehsal edərək müxtəlif növ dəmir oksidlərini araşdırıb.

Beləliklə ferrihidrit və bazaltın qarışığının Mars tozuna ən yaxşı uyğun gələn tərkib olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər