- 19:54
Fransada 74 yaşlı cərrah Joel Le Scouarnec 30 il ərzində əksəriyyəti uşaqlar olan 299 xəstəyə cinsi istismarda ittiham olunur. İlk dəfə hakim qarşısına çıxan Le Scouarnec “Mən dəhşətli işlər görmüşəm” deyərək cinayətlərini etiraf edib və məsuliyyəti öz üzərinə götürəcəyini bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Le Scouarnec narkoz altında olan və ya əməliyyatdan yeni çıxan uşaq xəstələrə qarşı zorakılıq edib. Qurbanların ortalama yaşının 11 olduğu bildirilib, həkimin evində isə zorakılığını əks etdirən dəftərlər tapılıb.
Şübhəli həkimin 1989-2014-cü illər arasında Fransanın qərbindəki bir neçə xəstəxanada işlədiyi və bu müddət ərzində xəstələrini cinsi istismara məruz qoyduğu iddia edilir.
2017-ci ildə Bordeaux yaxınlığındakı Jonzac qəsəbəsində qonşuların polisə şikayətindən sonra Le Scouarnec haqqında istintaq başladılıb. 2020-ci ildə o, altı yaşlı qonşusuna, dörd yaşlı xəstəsinə və iki qardaşı oğluna qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib. Həkimin evində axtarış zamanı polis uşaqlara qarşı zorakılığı əks etdirən 300 mindən çox foto və video tapıb. Le Scouarnecin qeyd dəftərlərinin birində “Mən pedofiləm və həmişə belə olacağam” yazdığı iddia edilir.
Məhkəmə, həmçinin həkimin keçmiş cinayətlərinə baxmayaraq, peşəsini necə davam etdirə bildiyini də sorğulayır. Le Scouarnec 2005-ci ildə uşaq istismarını əks edən şəkillərə sahib olduğu üçün dörd aylıq şərti həbs cəzası alıb. Bu vəziyyət onun işəgötürənlərinə, “LOrdre des Médecins” Həmkarlar İttifaqına və Fransa Səhiyyə Nazirliyinə bildirilsə də, heç bir tədbir görülməyib.
Zərərçəkmişlərin hüquqları 60-dan çox vəkil tərəfindən müdafiə edilir. 256 qurbanın 15 yaşdan aşağı olduğu, ən kiçiyinin 1 yaşında olduğu bildiirlir.
“LOrdre des Médecins” Həmkarlar İttifaqının bütün məhkəmə prosesi boyu məhkəmədə olması mübahisəyə səbəb olub.
Məhkəmənin təxminən dörd ay davam edəcəyi və Fransada böyük ictimai rezonansa səbəb olacağı gözlənilir.
Humay Eminqızı